main-post-cover

    18000 mAh batareyalı əjdaha: Energizer Power Max P18K Pop smartfonu təqdim edilib (MWC 2019)

    Digər
    MWC 2019
    27.02.2019
    Emil Nəcəfov
        Energizer brendi altında smartfon istehsalı ilə məşğul olan Avenir Telecom şirkəti Barselonada keçirilən MWC 2019 sərgisi çərçivəsində Energizer Power Max P18K Pop smartfon modelini təqdim etdi. Ümumilikdə 5 kameradan əlavə olaraq sözügedən smartfon həmçinin rekord həcmdə batareyaya da sahib olub. Beləliklə smartfon 2160x1080 piksel keyfiyyətli 6.2 düym IPS ekrana sahibdir. Ekranın üzərində heç bir çıxıntı hissə yerləşdirilməyib. Smartfonun ikili ön kamerası isə gövdənin yuxarı hissəsinin daxilinə inteqrasiya edilib. Beləliklə istifadəçi kameradan istifadə etmək istəyən zaman ikili ön kamera gövdənin yuxarı hissəsinin daxilindən xaricə çıxacaq.

        Əsas texniki göstəricilər baxımından smartfon 8 nüvəli MediaTek Helio P70 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (128 GB-a kimi microSD dəstəkli), 12 MP + 5 MP + 2 MP üçlü arxa kamera, 16 MP + 2 MP ikili ön kamera və sürətli enerji yığma özəllikli 18000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Energizer Power Maxx P18K Pop smartfonunun ən əsas özəlliyi də məhz 18000 mAh enerji tutumlu batareyaya sahib olmasındadır. Bu cür batareya həcmi vasitəsilə 90 saat ərzində telefon danışığını, 200 saat ərzində fasiləsiz video izləməni və 50 gün ərzində avtonom rejimdə çalışmanı reallaşdırmaq olar. Cihazın qalınlığı demək olarki 2 sm-dir. Smartfon həmçinin 18 vatt gücündə şarj cihazı ilə təchiz olunub və o, USB Type-C girişi vasitəsilə şarj olunur.

    Linki kopyala