main-post-cover

    Samsung şirkəti Barselonada Galaxy A30 ilə A50 smartfonlarını təqdim etdi (MWC 2019)

    Digər
    MWC 2019
    26.02.2019
    Farid Pardashunas
       
     Samsung şirkəti Galaxy S10 seriyası ilə qatlana bilən Galaxy Fold smartfon modellərindən başqa MWC 2019 sərgisinə özünün A seriyasının iki smartfon modelini də gətirib. Söhbət Galaxy A30 ilə A50 modellərindən gedir. Sözügedən smartfon modelləri şirkətin ilk cihazlarıdır ki, Infinity-U AMOLED ekranlarla təchiz olunublar. Galaxy A50 modeli isə şirkətin orta büdcəli seriyasının ilk smartfonudur hansı ki, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahibdir. Beləliklə Galaxy A50 smartfonu Samsung şirkətinin A seriyasının flaqman modeli hesab edilir.

        O, 6.4 düym Infinity-U AMOLED ekran ilə təchiz olunub və ekran üzərində V şəkilli çıxıntı hissə yerləşir. Bundan əlavə olaraq sözügedən smartfon modeli Galaxy S10 ilə Galaxy S10 Plus smartfonları kimi ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahibdir. Əsas texniki göstəricilərə gəldikdə Galaxy A50 smartfonu bilinməyən 8 nüvəli prosessor (çox güman ki, Exynos 9610), 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 25 MP (f/1.7 diafraqmalı) + 8 MP (f/2.2 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı) üçlü arxa kamera, 25 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

        Galaxy A50 modeli Bixby səsli köməkçisinin bütün özəlliklərini də dəstəkləyir. Bununla yanaşı smartfonun kameraları həmçinin çəkiliş zamanı süni zəka alqoritmlərindən də istifadə edir. Galaxy A30-a gəldikdə isə o, 6.4 düym Infinity-U AMOLED ekran (ekran üzərində V şəkilli çıxıntı hissəyə sahib) bilinməyən 6 nüvəli prosessor, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş həcmi, 16 MP + 5 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon modeli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy A30 ilə Galaxy A50 modelləri gələn ayın ortasında satışa çıxacaqlar. Onların qiymətləri barəsində hələki heç bir məlumat verilməyib.
    Qeyd edək ki, MWC 2019 yayımlarımızın sponsoru Kontakt Home mağazalar şəbəkəsidir.
    Linki kopyala