Kaliforniyada sürücüsüz yük maşınları magistral yollara çıxır
Kaliforniyada sürücüsüz yük maşınlarının ictimai yollarda sınaqdan keçirilməsinə rəsmən başlanılıb. Aurora Innovation və Kodiak AI şirkətləri ştatın Nəqliyyat Vasitələri Departamentindən (DMV) avtonom yük maşınlarını ictimai yollarda sınaqdan keçirmək üçün icazə alıblar. Kodiak artıq sınaqlara başlayıb. Şirkət ilkin mərhələdə bir neçə avtonom yük maşınını əsasən Kaliforniyanın Mountain View şəhərində yerləşən ofisinin ətrafında sınaqdan keçirir. Bu addım Kaliforniyada avtonom nəqliyyat vasitələri ilə bağlı qaydaların dəyişdirilməsindən sonra mümkün olub. Aprelin 28-də təsdiqlənən yeni qaydalar 10 min funtdan, yəni təxminən 4,5 tondan ağır sürücüsüz nəqliyyat vasitələrinin ictimai yollarda sınaqdan keçirilməsinə qoyulan qadağanı aradan qaldırıb. Bununla da şirkətlər ağırtonnajlı avtonom nəqliyyat vasitələrini əvvəlcə sınaqdan keçirmək, gələcəkdə isə kommersiya məqsədilə istifadəyə vermək imkanı əldə ediblər.
DMV-nin məlumatına görə, həm Aurora, həm də Kodiak təhlükəsizlik, sığorta, nəqliyyat vasitələrinin qeydiyyatı və təhlükəsizlik sürücülərinin hazırlığı daxil olmaqla tələb olunan meyarlara cavab verib. Hazırkı mərhələdə yük maşınları tamamilə sürücüsüz hərəkət edə bilməz. Sınaqlar zamanı sükan arxasında müdaxilə etməyə hazır insan operator olmalıdır. Bundan başqa, müəyyən istisnalar xaricində sürət həddi saatda 25 mil və ya daha aşağı olan yollarda sınaqlar qadağandır.
Yeni qaydalarla bağlı etirazlar da var. Teamsters California təşkilatı DMV-ni məhkəməyə verərək avtonom yük maşınlarının yollara buraxılmasının iqtisadi təsirlərinin və digər sürücülər üçün yarada biləcəyi təhlükəsizlik risklərinin kifayət qədər araşdırılmadığını iddia edir. Aurora və Kodiak Kaliforniyada yerləşsələr də, ştatda ağır avtonom yük maşınlarına tətbiq edilən əvvəlki qadağaya görə fəaliyyətlərini əsasən Texasda inkişaf etdirirdilər.
Paylaş
