Mercedes-Benz 2027-ci ildə 2 yeni sürücü yardım sistemi təqdim edəcək
“Mercedes-Benz” 2027-ci ildə “Hands-Free Highway Assist” və “MB.Drive Assist Pro” adlı yeni sürücü yardım sistemlərini işə salmağa hazırlaşır. İlk sistem müəyyən bölünmüş magistrallarda əlləri sükandan çəkməyə şərait yaradacaq. Şəhər yolları üçün hazırlanan ikinci sistemdə sürücü əlini sükanın üstündə saxlamalıdır. Hər 2 sistem avtomobili qismən idarə etsə də, məsuliyyət yenə sürücünün üzərində qalacaq.
“Hands-Free Highway Assist” magistralda saatda təxminən 137 km sürətədək işləyir. Gözləri izləyən kamera sürücünün yola baxıb-baxmadığını yoxlayır. Sınaq zamanı “GLS” yol hərəkətinə uyğun sürət seçib, zolaqları dəyişib və çıxışa yaxınlaşanda sağ zolağa keçib. Ancaq əlləri sükandan çəkməyə icazə verən işarəni parlaq günəş altında görmək çətin olub. Sistem aktiv olsa belə, sürücü diqqətini yoldan ayıra bilməz.
Magistral sınağında təhlükəli vəziyyət də yaranıb. “GLS” sol zolaqda sürətlə yaxınlaşan avtomobili görməyib və onun qarşısına keçməyə çalışıb. Sürücü buna görə sükanı ələ alıb. İdarəetməni geri götürmək asan olsa da, sistemin yenidən əlləri sükandan çəkmək rejiminə keçməsi 10-20 saniyə çəkib. “S-Class” ilə təxminən 45 dəqiqəlik səfərdə sistem idarəetməni ən azı 6 dəfə sürücüyə qaytarıb.
Şəhər üçün hazırlanan “MB.Drive Assist Pro” sınaqda daha sabit işləyib. 10 kamera və 5 radar sensoru ilə ətrafı izləyən “GLC” piyadaların, velosipedçilərin, dairəvi yolların və mürəkkəb kəsişmələrin öhdəsindən problemsiz gəlib. Naviqasiyada ünvan seçildikdə avtomobil lazımi döngələri də özü edib. Təxminən 1 saatlıq səfər zamanı sürücü yalnız avtomobil kəsişmədə ləngiyəndə qaz pedalına 1 dəfə toxunub.
“Hands-Free Highway Assist” 2027-ci ilin yazında uyğun avtomobillərdə açılacaq. İlkin siyahıya 2027-ci il “S-Class”, “GLS” və “AMG GT 4-Door Coupe” modelləri daxildir. Sistem “MB.Drive Assist” paketinin bir hissəsi kimi “CLA”, “GLB”, “C-Class”, “GLC” və “GLE” modellərində də seçim olaraq satılacaq.
“MB.Drive Assist Pro” 2027-ci il “CLA Electric”, “GLE”, “GLS” və “S-Class” modelləri üçün çıxacaq. Siyahıya 2028-ci ildə daha çox modelin əlavə olunması planlaşdırılır. Kaliforniyadakı bəzi müştərilər 2026-cı ilin sonunadək erkən sınaq proqramına qoşula biləcəklər. “Mercedes-Benz” funksiyaların qiymətini hələ müəyyən etməyib. Şəhər sistemi sınaqda uğurlu görünsə də, magistral sistemi idarəetməni tez-tez sürücüyə qaytardığı üçün rəqiblərindən geri qalıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar