Pony.ai 2026-cı ilə qədər robotaksi parkını üç dəfə böyüdəcək
Technote.az "The Verge" platformasına istinadən bildirir ki, Çinin avtonom nəqliyyat texnologiyaları şirkəti Pony.ai 2026-cı ilin sonuna qədər dünya üzrə robotaksi parkını üç dəfə böyütməyi hədəflədiyini açıqlayıb. Şirkət bu məlumatı üçüncü rüb üzrə maliyyə hesabatında paylaşıb. Hazırda Pony.ai-ın parkında 961 robotaksi var. Şirkətin hədəfi bu ilin sonunadək bu rəqəmi 1 000-ə çatdırmaq, 2026-nın sonuna qədər isə 3 000-dən çox avtonom taksiyə sahib olmaqdır.
Pony.ai həm Çində, həm də xaricdə fəaliyyətini genişləndirir. Hazırda şirkət Pekin, Şanxay, Quançjou və Şençjen şəhərlərində ödənişli robotaksi xidmətləri göstərir. Bununla yanaşı, Pony.ai Çin hüdudlarından kənarda da fəaliyyətini artırmağı planlaşdırır və artıq Qətər, Sinqapur daxil olmaqla səkkiz ölkəyə giriş üçün yerli tərəfdaşlarla, həmçinin Bolt və Uber kimi platformalarla əməkdaşlıq edir.
Şirkətin robotaksi xidmətlərini genişləndirməsi həm gəlirləri, həm də xərcləri artırıb. Pony.ai üçüncü rübdə 25,4 milyon dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72 % artım deməkdir. Gəlirin bölgüsü belədir:
- Robotaksi xidmətlərindən: 6,7 milyon dollar
- Avtonom yük maşınları (robotrucks) xidmətlərindən: 10,2 milyon dollar
- Texnologiyanın lisenziyalaşdırılması və tətbiq haqlarından: 8,6 milyon dollar
Buna baxmayaraq, şirkətin xərcləri gəlirlərdən yüksək olaraq qalır. Pony.ai üçüncü rübdə 61,6 milyon dollar xalis zərər açıqlayıb. Bu, bir il əvvəlki göstəricidən 46 % çoxdur. 2025-ci ilin sentyabrın 30-na olan məlumata görə, şirkətin nağd vəsaitləri və qısamüddətli investisiyaları 587,7 milyon dollar təşkil edir. Bu məbləğ ötən rübdəki 747,7 milyon dollardan azdır və azalmanın yarısı şirkətin Toyota ilə birgə yaratdığı Gen-7 avtonom nəqliyyat vasitəsinin istehsalı və yerləşdirilməsi üzrə bir dəfəlik investisiya xərcləri ilə bağlıdır.
Hesabat açıqlanandan sonra Pony.ai-ın Nasdaq birjasındakı səhmləri 6 %-dən çox yüksəlib.
Paylaş