Tesla 13 yaşdan kiçiklərin Cybercab robotaksisinə minməsinə icazə vermir
“Tesla” yeni “Cybercab” robotaksisinin yaş məhdudiyyəti, qəza zamanı təhlükəsizlik sistemi və texniki quruluşu barədə əlavə məlumat açıqlayıb. Məhsula həsr olunmuş qapalı təqdimat şirkətin böyük tədbirlərindən xeyli fərqlənib. Təqdimat təxminən 15 dəqiqə davam edib və görünən odur ki, “Tesla” rəhbəri Elon Musk tədbirdə çıxış etməyib. “Cybercab” yalnız kameralar və süni intellektin köməyi ilə sürücü müdaxiləsi olmadan hərəkət etmək üçün hazırlanıb. Şirkətin iddiasına görə, avtomobil “Waymo” robotaksilərindən xeyli ucuz olacaq.
“Cybercab”ın əsas fərqlərindən biri uşaqlarla bağlı məhdudiyyətdir. “Tesla” hazırda 13 yaşdan kiçik sərnişinlərin bu avtomobildə getməsinə icazə vermir. 8 yaşdan 17 yaşadək şəxslər “Robotaxi” xidmətindəki “Model Y” avtomobillərinə minə bilər. Lakin hər 2 nəqliyyat vasitəsində onları yetkin şəxs müşayiət etməlidir. “Cybercab”da uşaq oturacağını avtomobilin kuzovuna bağlamaq üçün standart LATCH bərkidiciləri yoxdur. Buna görə uşaq oturacağı yalnız təhlükəsizlik kəməri ilə quraşdırılır.
Qəza baş verdikdə avtomobilin təhlükəsizlik sistemləri avtomatik işə düşəcək. Hava yastıqları açılacaq, qapıların kilidi çözüləcək, qəza və salon işıqları yanacaq. Yüksək gərginlikli batareya söndürüləcək, pəncərələr havalandırma üçün azca açılacaq. Avtomobil dayanaraq park rejiminə keçəcək. Eyni zamanda multimedia sistemi vasitəsilə “Tesla”nın sərnişin dəstəyi ilə 2 tərəfli əlaqə yaradılacaq. Elektron qapı kilidlərinin qəzadan sonra insanları avtomobildə saxlaya bilməsi ilə bağlı araşdırmadan sonra “Tesla” Çində 3 milyon avtomobili geri çağırmağa razılaşıb.
“Cybercab”da elektron qapı kilidləri var. Qapılar səfərin əvvəlində və sonunda avtomatik açıla bilir. Qapını çöldən açmaq üçün kiçik düymə yerləşdirilib. Salonda isə hər qapının qol dayağında aydın görünən mexaniki açma qolu var.
Avtomobilin əyləcləri hidravlik maye və borular əvəzinə elektron sistemlə idarə olunur. Elektrik mexanizmləri əyləc sıxaclarına nəzarət edir. Bu quruluş daha az detal tələb edir. “Tesla” daha əvvəl “Cybertruck”da da sükanla ön təkərlər arasındakı mexaniki bağlantını elektron idarəetmə ilə əvəz etmişdi.
“Cybercab”ın pəncərələri hazırda tam açılmır. “Tesla” sənədlərdə bunun səbəbini açıqlamır. Avtomobildəki USB-C enerji çıxışları 90 Vt güc verir. Bu, adi avtomobillərdəki göstəricidən təxminən 4 dəfə çoxdur.
ABŞ-nin Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi Administrasiyası avtomobilin istifadəyə verilməsi ilə bağlı artıq araşdırmaya başlayıb. İndi “Tesla” avtomobilin təhlükəsizliyini həm ictimaiyyətə, həm də yerli hakimiyyətlərə sübut etməlidir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...