Tesla Model Y əsasında ucuz krossover hazırlayacaq
Artıq sirr deyil ki, Tesla yaxın bir neçə il ərzində daha əlçatan elektrik avtomobillərini bazara çıxarmağı planlaşdırır. Bu modellər mövcud Model 3 və Model Y bazasında hazırlanacaq, lakin daha ucuz istehsala imkan verən yeni platforma elementlərini əhatə edəcək. Mənbələrin məlumatına görə, bu tip avtomobil Çin bazarında gələn il təqdim olunacaq və hazırkı Model Y-dən 20% daha ucuz olacaq. Tesla Model Y təkcə markanın ən məşhur elektrik avtomobili deyil, hətta bəzi dövrlərdə dünya üzrə ən çox satılan minik avtomobili olub. O, ilkin bazarda daxili yanma mühərriki olan avtomobilləri belə geridə qoyub.
Reuters-in məlumatına görə, Tesla-nın Çin bölməsi E41 kod adı altında yeni modeli istehsala hazırlayır. Bu model gələn il Şanxay zavodunda istehsal xəttinə çıxacaq. O, Tesla-nın Çin bazarındakı ən əlverişli elektrik avtomobili olacaq. Əsas məqam ondan ibarətdir ki, Model Y bazasında hazırlanacaq "xalq" versiyasının istehsalı üçün zavod xəttində ciddi modernizasiya tələb olunmayacaq. Daha kompakt elektrik krossoverinin istehsal dəyəri Model Y-dən 20% daha ucuz olacaq.
Bu, Tesla-ya Çin bazarında qiymət strategiyasını çevik şəkildə tənzimləməyə imkan verəcək. Gələcəkdə bu model Avropa və ABŞ-da da istehsal ediləcək, lakin konkret buraxılış tarixi hələ məlum deyil. Bununla yanaşı, Çin bazarında cari ilin sonuna qədər altı nəfərlik Model Y versiyası da təqdim oluna bilər. Çində yenilənmiş Tesla Model Y satışa çıxarılandan sonra şirkət təxminən 200 000 sifariş qəbul edib. Lakin bu sifarişlərin hamısının faktiki alışa çevriləcəyi bəlli deyil. Sifariş verilmiş avtomobillərin gözləmə müddəti, xüsusilə tam ötürücülü versiya üçün, 10 həftəyə qədər uzanır.