Xiaomi-nin ilk avtomobili 500 min satış həddini keçib
Xiaomi-nin avtomobil bazarındakı ilk modeli olan SU7 sedanının ümumi çatdırılma sayı 500 mini keçib. Şirkət bu göstəriciyə ilk avtomobilin müştəriyə təqdim edilməsindən təxminən 28,5 ay sonra, avqustun 17-də çatıb. 500 min avtomobil Xiaomi kimi avtomobil sənayesinə yeni daxil olmuş şirkət üçün mühüm nəticədir. Lakin 2026-cı ilin göstəriciləri SU7-yə tələbatın nəzərəçarpacaq dərəcədə azaldığını göstərir.
Xiaomi ilin ilk 7 ayında 101 540 ədəd SU7 çatdırıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6% azdır. Maraqlıdır ki, eyni müddətdə Xiaomi-nin bütün avtomobillərinin ümumi çatdırılması 14,8 % artaraq 216 322 ədədə çatıb. Başqa sözlə, problem Xiaomi-nin avtomobil biznesində deyil, məhz SU7 modelindədir. Bunun əsas səbəblərindən biri şirkətin daha yeni YU7 SUV modelinin satışa çıxmasıdır. Tesla Model Y-yə rəqib kimi hazırlanan YU7 Xiaomi-nin öz sedanından da müştəri cəlb etməyə başlayıb.
İyul ayında Xiaomi 21 044 SU7 və 10 223 YU7 çatdırıb. Bununla belə, YU7-nin iyul göstəricisi də iyun ayındakı 14 324 avtomobillə müqayisədə 28,6 % aşağı olub. Şirkət üçün əsas çətinlik isə 2026-cı il üzrə 550 min avtomobil çatdırmaq hədəfidir. Xiaomi ilin ilk yeddi ayında bu hədəfin cəmi 39 %-nə çatıb. İlin sonuna qədər planı yerinə yetirmək üçün şirkət qalan beş ay ərzində orta hesabla ayda təxminən 67 min avtomobil çatdırmalıdır. Hazırkı aylıq temp isə təxminən 31 min avtomobildir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...