Logo
    main-post-cover

    Yenilənmiş Tesla Model Y təqdim edilib - QİYMƏTİ

    Nəqliyyat
    10.01.2025
    Emil
         Tesla şirkəti özünün Model Y elektromobilinin yenilənmiş versiyasını təqdim edib. Model Y-ın yenilənmiş versiyası Çin bazarı və Asiya-Sakit okeanı regionu üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, birinci nəsil Model Y 2020-ci ildə satışa çıxmışdı. Yenilənmiş versiya dizayn və texniki imkanlar baxımından bəzi yenilikləri əldə edib. Yenilənmiş Model Y-ın əldə etmiş olduğu yeniliklər Tesla-nın digər elektromobillərindən götürülüb. Məsələn yenilənmiş Model Y-ın gövdəsinin ön hissəsi daha az qabarıqdır və onun faraları bütöv bamper üzrə nazik çıxıntı formasına sahibdirlər.
         Bu, bir növ Cybertruck-ın ön hissəsinin dizaynını xatırladır. Bununla yanaşı şirkət ənənəvi arxa faraları mono fara ilə əvəzləyib. Yenilənmiş Model Y-ın salonunda Model 3-dəki kimi zolaq formalı işıqlandırma mövcuddur və onun rəngini dəyişmək mümkündür. Arxa oturacaqlar hissəsinə isə əlavə sensorlu ekran quraşdırılıb. Salonun ön hissəsində dizayn Tesla-ya xas olan dizayndır. Yenilənmiş asma hesabına bu Model Y-da səyahət daha axıcı olub.
         Bununla yanaşı birinci nəsil Model Y ilə müqayisədə yenilənmiş Model Y daha yüngüldür. Onun ən ucuz versiyası bir dəfə şarj olunandan sonra 593 km yol qətt edə bilir. Model Y Long-Range AWD adlı versiyada isə bu göstərici 719 km təşkil edir. Bu iki modelin artıq mart ayında satışa çıxacağı gözlənilir. Adi versiya 35 900$-a, Model Y Long-Range AWD adlı versiya isə 41 400$-a satılacaq. Yenilənmiş Model Y-ın digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş