E3 2018 Microsoft: Halo Infinite, Gears of War 5, Devil May Cry 5, Cyberpunk 2077 və daha nələr-nələr

11.06.2018 0 PAYLAŞIM 1519 OXUNMA

    Hər il keçirilən məşhur E3 oyun sərgisi qabağı böyük şirkətlər öz konfranslarını keçirdərək oyunçuların ən çox gözlədikləri oyunları təqdim edir və yeni oyunları anons edirlər. E3 2018 sərgisi də istisna olmadı. Microsoft şirkəti öz konfransını keçirtdi və maraqlı sürprizləri ilə yadda qaldı. İndi isə konfrans çəçrivəsində təqdim olunmuş ən maraqlı oyunların siyahısı ilə sizləri tanış edək.

Halo Infinite (Halo 6):

    Microsoft öz konfransına məşhur Halo oyun seriyasının yeni hissəsinin traileri ilə start verdi. Əfsanəvi oyun seriyasının yeni hissəsi 343 Industries stusiyası tərəfindən yeni Slipspace Engine oyun mühərriki vasitəsilə PC Xbox One üçün hazırlanır. Əsas seriyanın sayca 6-cı oyunu olacaq Halo Infinite baş personaj Master Chief ətrafında cəmlənəcək və Halo 5: Guardians oyununun süjet xəttini davam etdirəcək. Oyunun nə zaman çıxacağı barəsində məlumat verilməyib.


Sekiro: Shadow Die Twice:

    Keçən ilki E3 sərgisində Sony şirkətinin konfransı çərçivəsində Dark Souls seriyası və Bloodborne oyunu ilə məşhurluq qazanmış From Software studiyası gizli oyun anons etmişdi. Həmin vaxtda oyunun adı bildirilməmişdi. Lakin bir çoxları güman edirdi ki, oyun Bloodborne 2 olacaq. Lakin oyunun Microsoft şirkətinin konfransında göstərilməsi əsl sürpriz oldu. Xeyr, bu Bloodborne 2 deyil. Bu, RPG elementləri özündə birləşdirən action samuray oyunudur. O, məşhur Activision şirkətinin dəstəyi ilə hazırlanır. Oyuna isə Hidetaka Miyadzaki rəhbərlik edir. Sekiro: Shadow Die Twice oyunu gələn ilin əvvəlində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.


Metro Exodus:

    Ukraynanın 4A Games studiyası konfrans zamanı hamı tərəfindən səbrsizliklə gözlənilən Metro Exodus oyununun çıxış tarixini anons etdi. Oyun gələn ilin 22 Fevral tarixində satışa çıxacaq. Yəni Days GoneAnthem oyunları ilə bir gündə. Studiya həmçinin oyunun yeni gameplay videosunu da təqdim edib.


Forza Horizon 4:

    Microsoft şirkəti tərəfindən alınmış Playground Games studiyası məşhur Forza Horizon avtomobil yarışı seriyasının yeni hissəsini anons etdi. Bu dəfəki oyunda əsas ərazi kimi İngiltərə çıxış edəcək. Oyunda hava və fəsillərin dinamik dəyişimi, open world, 100 avtomobil istehsalçısından lisenziyalaşdırılmış 450-dən çox avtomobil olacaq. Oyun 2 Oktyabr tarixində satışa çıxacaq.


Devil May Cry 5:

    Konfransda baş vermiş əsas böyük sürprizlərdən biri də Capcom şirkətinin Devil May Cry 5 oyununu anons etməsi oldu. Yeni oyun illər öncə işıq üzü görmüş Devil May Cry 4 oyununun davamı olacaq və təqdim olunmuş videodan da görmək olar ki, baş personaj kimi Nero çıxış edəcək. Lakin oyunda həmçinin hamının sevimlisi Dante də olacaq. Oyun PC, PS4 və Xbox One üçün gələn ilin yaz fəslində satışa çıxacaq.


The Division 2:

    Ubisoft şirkəti konfransda The Division 2 oyununun ilk gameplay videosunu təqdim etdi. İkinci oyunda hadisələr Vaşinqtonda cərəyan edəcək. Oyunun süjet xəttinə əsasən Vaşinqton Yer kürəsinin ən təhlükəsiz ərazisi idi. Lakin bu, virusun yayılmasına mane ola bilmədi və nəticədə ABŞ-ın paytaxtı çöküşə məruz qaldı. İkinci oyunda oyunçuların əsas məqsədi paytaxtı öz idarəsinə keçirtmək istəyən düşmən qruplaşmalarına qarşı mübarizə aparmaq olacaq.


Gears 5 (Gears of War 5):

    Konfrans zamanı hamı tərəfindən səbrsizliklə gözlənilən Gears 5 oyunu anons olundu. Yeni oyun Gears of War 4-ün davamı olacaq, oyunun baş qəhrəmanı rolunda isə qadın personaj çıxış edəcək. Oyun gələn il PC və Xbox One üçün satışa çıxacaq.


Cyberpunk 2077:

    Məşhur Witcher oyun seriyasının yaradıcısı CD Project Red studiyası hələ 2013-cü ildə Cyberpunk 2077 oyununu anons etmişdi. Lakin həmin vaxtdan bəri oyun haqqında heç bir məlumat yox idi. Lakin Microsoft şirkətinin konfransı zamanı studiya oyunun yeni videosunu təqdim etdi. Cyberpunk 2077, hadisələri open world-də baş verən RPG oyundur. Oyunda hadisələr Night City adlı ən təhlükəli şəhərdə cərəyan edəcək. Onun baş qəhrəmanı isə V adlı personajdır. Təəssüflər olsun ki, oyunun satış tarixi barəsində heç bir məlumat verilməyib. Lakin o, PC, PS4 və Xbox One üçün hazırlanır.


Dying Light 2:

    Konfransda baş vermiş daha bir böyük anons Dying Light 2 oyununun anonsu oldu. Oyun həmişəki kimi parkur elementləri özündə birləşdirən və hadisələri zombi dünyasında cərəyan edən bir oyundur. Təqdim olunmuş trailerdən də görmək olar ki, yeni oyunda əsas diqqət zombi dünyasında fərqli səviyyələrə ayrılan cəmiyyət üzvlərinə yönəlib. Yeni oyunda oyunçunun qəbul edəcəyi qərarlar oyun dünyasının dəyişməsinə səbəb olacaq. Bundan əlavə olaraq Dying Light 2-də daha təkmilləşdirilmiş parkur və döyüş sistemi olacaq. Oyun PC, PS4 və Xbox One üçün hazırlanır. Onun çıxış tarixi barəsində heç  bir məlumat verilməyib.


Just Cause 4:

    Just Cause oyun seriyası geri qayıdır və Riko yenidən inqilaba yardımçı olacaq missiyaları yerinə yetirəcək. Təbii ki, bütünh bunları o, adrenalin dolu partlayışlar vasitəsilə edəcək. Just Cause 4 bu ilin 4 Dekabr tarixində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.