'Transformers: The Last Knight' filmi (İCMAL)

'Transformers: The Last Knight' filmi (İCMAL)

Oyun və Film
28.06.2017 PAYLAŞIM

Bəlkə də biz, rejissor Michael Bay-dən bu cümləni dəfələrlə eşitmişik: “Mən sonuncu dəfə Transformers-lərə aid film çəkirəm”. Lakin necəsə olur ki, hər dəfə “Paramount” şirkəti bu rejissoru yenidən sözügedən işə cəlb edir. Əgər gələn dəfə də filmin rejissoru məhz Michael Bay olsa, heç təəccüblənməyəcəm. Müsahibələrinin birində o qeyd edib ki, əgər bu məşhur film seriyası gələcəkdə R (18+) reytinqi ilə çəkilsə, onda o, rejissorluq kürsüsünə yenidən qayıda bilər. Nəysə keçək “Transformers: The Last Knight” filminə. Bu film seriyasının hər bir hissəsinin əvvəli çox pafoslu və epik səhnələrlə başlayır. Yeni film də bu barədə istisna deyil. Filmi izləyərkən başa düşürsən ki, bu, başdan-ayağa məntiqsiz və gülməlidir. Lakin buna baxmayaraq həmin səhnələri izlədikdə gülməkdən daha çox zövq alırsan. Çünki partlayışlar, böyük robotların döyüşləri və s. kimi özəlliklər, Michael Bay-in bacardığı işlərdən biridir və o bunun öhdəsindən hər bir filmdə gəlib. Əsas icmala keçid etməzdən öncə filmin süjet xətti barəsində qısa bir məlumat verim. Deməli 4-cü filmdəki hadisələrdən sonra heçnə dəyişmədi. Avtobotlar və Deseptikonlar hələ də qanundan kənar hesab olunur və onlar xüsusi təşkilat tərəfindən ovlanır. Optimus Prime, 4-cü filmdə Yer kürəsini tərk etmiş və öz yaradıcısının axtarışına yollanmışdı.  Həmin vaxtda isə Yer kürəsində bütün robotlar Merlinin əfsanəvi əsasına ov elan edirlər. İlk öncə onu qeyd etmək lazımdır ki, bu dəfə filmin yaradıcıları kral Artur və onun Dəyirmi masa cəngavərləri əfsanəsinə toxunublar. Bu cür əfsanəvi hekayəni məhz transformerlərin fonunda çəkmək yalnız bu filmin ssenaristlərinin ağlına gələ bilərdi. Bu baxımdan filmin bəzi mənfi cəhətləri var. Həmin mənfi cəhətlər isə bu seriyanın ilk filmindən yaradılmış transformerlər kainatının qaydalarına zərər verir. Məlum olur ki, əslində transformerlər minlərlə illər ərzində Yer kürəsində olublar və müxtəlif hadisələrə öz təsirlərini göstəriblər. Ümumilikdə əvvəlki filmdə əsas funksiyaları yerinə yetirmiş personajlar isə bu filmdə bir növ ikinci plana keçiblər. Lakin ssenari cəhətdən anlamaq lazımdır ki, bu film seriyasında əsas olan məhz action və partlayışlardır. İzləyici ilk öncə onlardan həzz alır. Necə oldu? Niyə oldu? kimi suallar sə ikinci plana keçir.

Məhz vizual cəhətdən 5-ci film öz ənənəvi keyfiyyətini qoruyub saxlayır. Michael Bay, izləyicilərə nəyin lazım olduğunu yaxşı bilir. Partlayış, robotların döyüşü, avtomobil təqibləri və s. kimi səhnələr əvvəlki filmlərdə olduğu kimi bol adrenalinli və həyəcanlıdır. Ən əsas da filmə IMAX formatında baxmaq bir başqa hisslər yaşadır. Bu filmdən sürpriz süjet xəttini gözləməyə ehtiyac yoxdur. Ssenari sadə və anlaşılandır. Məqsəd, izləyicini bol action-lu səhnələrlə əyləndirməkdir. Bu baxımdan “Transformers”-lər əyləncə parkını xatırladır. Film hardasa 2 saat 40 dəqiqə çəkir. Bu xronometraja nəzər saldıqda görmək olar ki, sanki ssenaristlər 2 ədəd ssenari yazmışdılar və nəticə etibarilə onları birləşdirmişdilər. Buna görə də filmdə hər 2 dəqiqədən bir hansısa maraqlı action səhnəsi əks olunur və bu bir qədər izləyicini yorur. Personajlara gəldikdə isə mən keçmiş filmdən başa düşməmişdim ki, nəyə görə məhz Mark Wahlberg? Fikrimcə bu aktyor, sözügedən film seriyasına heç uymur. Mark Wahlberg-in canlandırdığı Cade Yeager obrazı bu filmdə öz hekayəsini sonlandırdı və yeni filmdə o, əvvəlki filmdəki kimi standart rol əks etdirdi. Hər bir “Transformers” filmində cazibədar bir qadın obrazı olmalıdır. Bu dəfə həmin obrazı aktrisa Laura Haddock canlandırıb. O, Vivian Wembley obrazını oynayıb. Filmdə bu personaj əsas rolu oynasa da, daha çox baş qəhrəmanın partnyoru kimi nəzərə çarpır. Başa düşmədiyim tək şey aktrisa Isabela Moner oldu. Azyaşlı İzabella rolunu canlandırmış bu aktrisa məncə film üçün artıq bir özəllik idi. İlk başdan filmin yaradıcıları həmin personajı bizə baş rol kimi göstərməyə çalışıblar. Lakin filmin birinci yarısından sonra məlum olur ki, həmin personaj əslində ikinci dərəcəli funksiyanı daşıyır. Yəni film həmin personajsız çəkilsəydi böyük bir itki olmazdı məncə. Bundan əlavə olaraq Izabella obrazı üçün əlavə süjet vaxtı ayrılması səbəbilə digər personajlar əziyyət çəkirlər. Filmin ən yadda qalan obrazı təbii ki, Anthony Hopkins-in canlandırmış olduğu Sir Edmund Burton oldu. Sanki çəkiliş meydançasında Michael Bay, Anthony Hopkins-ə bu cümləni deyib: “Anthony necə istəyirsən elə də rolu canlandır”. Beləliklə Hopkins öz koloritliyi və xarizmatikliyi sayəsində filmdə yüksək səviyyədə əylənib. Məhz belə bir aktyor, avtomobil təqibi zamanı Deseptikona orta barmağını göstərə bilərdi. Onun öz personajına həm sakitlik və vaxt aşırı dəlisovluq qatması, filmdən zövq almağa yardımçı olur və filmin ümumi mühitini müsbət səmtə yönəldir. Əsas mənfi cəhətlərdən biri də məhz baş rolu oynayan robotlardır. Belə ki, yeni filmdə Optimus Prime-ın süjet vaxtı çox qısaldılıb. Lakin onun səhnədə hər dəfə görünməsi, çox epik bir şəkildə əks olunub. Megatron əvvəlki xarizmatikliyini itirib və digər filmlərdə olan mənfi obrazlar kimi özünün konkret məqsədləri yoxdur. Filmdə olan yeni növ robotlar həqiqətən də məni sevindirdi. Misal olaraq ikili şəxsiyyətə sahib olan eşikağası robotu və ya fransız ləhçəsi ilə danışan Lamborghini-ni gətirmək olar. Hər şeydən əlavə olaraq artıq hamının sevimlisi olan Bumblebee-nin bu filmdə keçmişi ilk dəfə olaraq əks olunub və onunla Optimus Prime arasında ünsiyyət daha yaxşı əks olunub. Bu ünsiyyət bir qədər daha dramatik göstərilsəydi daha yaxşı olardı.

Nəticə etibarilə qeyd etmək lazımdır ki, “Transformers The Last Knight”, seriyanın digər filmlərindən action səhnələr baxımından heç də geridə qalmayan bir filmdir. O, izləyicini hər saniyə bu cür səhnələrlə əyləndirməyi və öz zarafatları ilə güldürməyi bacarır. Lakin ondan daha artığını gözləmək mənasızdır. Çünki bu film ilk növbədə izləyicini əyləndirmək üçün nəzərdə tutulub. Bu baxımdan isə o, izləyicini həqiqətən də əyləndirir. İzləyici özünü daima əyləncə parkında hiss edir. Burda ağıllı süjet xəttinə yer yoxdur. Əsas məqsəd bol action və partlayış səhnələrini əks etdirməkdir. İzləyiciyə də məhz lazım olan budur. Əgər ağıllı süjet xəttinə sahib bir film izləmək istəyirsinizsə, onda bu film sizin üçün deyil. Yox əgər həftə sonu öz dostlarınız və ya ailə üzvləriniz ilə birlikdə yaxşı dincəlmək və həyəcanlı dəqiqələr yaşamaq istəyirsinizsə, onda bu filmə düşünmədən gedə bilərsiniz. Çünki onun sizi əyləndirəcəyinə zəmanət verilir. Ən əsası da bu filmi IMAX formatında izləmək lazımdır. Heç bir adi 3D formatı, IMAX-ın yaşatdığı hissləri yaşada bilməz. Buna görə də bu filmə baxmağı düşünürsünüzsə, onda IMAX-ı seçin. Bunu isə ParkCinema IMAX kinoteatrında edə bilərsiniz. “Transformers The Last Knight” filminin seansları barəsində məlumatları ParkCinema-nın saytından əldə etmək mümkündür.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Amazon'un The Boys serialının 2'ci sezonu ilə bağlı bilinən məlumatlar

Amazon tərəfindən istehsal edilən The Boys serialı izləyicilər tərəfindən müsbət rəylər almışdı. İlk..


Spider-Man Far From Home filminin ilk traileri

Spider-Man Far From Home filminin hadisələri Avengers: End Game filminin hadisələrindən sonra cərəya..


Game of Thrones serialının final sezonunun çıxış tarixi elan edildi (VİDEO)..

HBO telekanalı məşhur Game of Thrones serialının final sezonunun təqdimat tarixini açıqladı...


'X-Men: Dark Phoenix' filminin ilk traileri yayımlandı

Jean Grey bütün dünyanı məhv edəcək gücə sahib olaraq Dark Phoenix-ə çevrilir.


Optimus Prime yeni formatda: 'Bumblebee' filminin yeni traileri

1987-ci il. Təqiblərdən gizlənən Bumblebee Kaliforniya şatının hansısa şəhərinin avtomobil zibilliyi..


'Avengers 4' öncəsi qarşıdurma: 'Captain Marvel' filminin ilk traileri yayımland..

Günlərin birində adi hərbi pilot vəzifəsində çalışan Carol Danvers-in DNT-ləri yadplanetli sivilizas..