Rockstar Games işçiləri həmkarlar ittifaqının tanınmasına qarşı səs verdi
“GTA VI” oyununu hazırlayan “Rockstar Games” studiyasının əməkdaşları həmkarlar ittifaqını rəsmi tanımaq barədə razılaşmanı dəstəkləməyiblər. Səslərin 75 faizi razılaşmanın əleyhinə, 25 faizi isə lehinə olub. Səsvermə 12 noyabrda başlayıb və 26 noyabrda başa çatıb. “GTA VI” da həmin müddətdə çıxıb.
Razılaşma qəbul edilsəydi, işçilər maaş, iş vaxtından artıq iş, mükafat, məzuniyyət və pensiya barədə studiya ilə kollektiv danışıqlar apara bilərdilər. Onlar süni intellektin işdə tətbiqi və ixtisarlar kimi gələcək dəyişikliklər barədə məsləhətləşmək hüququ da qazanacaqdılar. Səsvermənin nəticəsinə görə, “Rockstar Games” ittifaq nümayəndələri ilə görüşməyə məcbur olmayacaq.
Böyük Britaniyanın Müstəqil İşçilər İttifaqı (IWGB) açıqlayıb ki, rəsmi tanınma olmasa da, studiyadakı üzvləri təşkilatlanmağa davam edəcəklər. İttifaqın sözlərinə görə, yüzlərlə əməkdaş razılaşmanı dəstəkləyib, amma daha çox işçinin etimadını qazanmaq üçün hələ iş görmək lazımdır. İşçilər dəyişikliklərlə bağlı təkliflərini studiyaya qeyri-rəsmi şəkildə çatdıra bilərlər.
“Rockstar Games” ötən il ittifaqın 31 üzvünü işdən çıxarıb. İttifaq studiyanı bu qərarla işçilərin təşkilatlanmasına mane olmağa çalışmaqda ittiham edib. İşdən çıxarılmalarla bağlı mübahisəyə Böyük Britaniyanın əmək mübahisələri üzrə məhkəməsində baxılır. Məhkəmə hələ qərar verməyib.
“Rockstar Games”də oyunların nəşrinə cavabdeh olan Jennifer Kolbe səsvermənin nəticəsini əməkdaşların rəhbərliklə birbaşa ünsiyyətə dəstəyi kimi qiymətləndirib. Onun fikrincə, nəticə işçilərin komanda daxilində əməkdaşlığın və açıq ünsiyyətin davam etməsini də istədiyini göstərir. Kolbe komandanın işi və “GTA VI”nın buraxılışı ilə qürur duyduqlarını deyib.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...