Logo
    main-post-cover

    Apple rəhbərliyi süni zəka əsaslı Siri-nin yaradılması üzrə ilk cəhdin uğursuz olduğunu etiraf edib

    Proqram Təminatı
    11.06.2025
    Emil
         Cari ilin mart ayında Apple süni zəka alqoritmlərinə əsaslanmalı olan yenilənmiş Siri virtual köməkçisinin istifadəyə verilməsini təxirə salmağa məcbur olub. İndi isə WWDC tədbiri çərçivəsində jurnalistlərlə söhbət zamanı Apple-ın proqram təminatı üzrə vitse-prezidenti Craig Federighi və beynəlxalq marketinq üzrə vitse-prezidenti Greg Joswiak bu qərarın səbəbləri barədə daha ətraflı məlumat veriblər. Keçən ilki WWDC konfransında təqdim edilmiş Apple Intelligence adlı yeni süni zəka funksiyalarının anonsu zamanı Apple nümayəndələri bildirmişdilər ki, yenilənmiş Siri daha fərdiləşdirilmiş olacaq və istifadəçilər adından tətbiqlərdə müxtəlif əməliyyatlar yerinə yetirə biləcək.
         Apple nümayiş zamanı real proqram təminatını göstərsə də, həmin vaxt Siri-nin keyfiyyəti “bizim istədiyimiz səviyyədə deyildi” - deyə Federighi bildirib. O, əlavə edib ki, şirkət süni zəka köməkçisini çox, çox etibarlı etmək istəyirdi. “Sonda biz nəzərdə tutduğumuz müddət ərzində bu etibarlılığı təmin edə bilmədik” - deyə Federighi vurğulayıb. “Dinləyin, biz müştəriləri məyus etmək istəmirik. Heç vaxt istəməmişik. Amma daha böyük məyusluq o olardı ki, biz keyfiyyət standartlarımıza cavab verməyən, bizim qəbuledilməz hesab etdiyimiz səhv faizinə malik bir məhsul buraxardıq. Buna görə də biz, fikrimizcə, ən düzgün qərarı verdik. Eyni qərarı yenə də verərdim” - deyə Joswiak bildirib.
         Söhbət zamanı jurnalistlər Apple kimi böyük resurslara malik bir şirkətin niyə süni zəka ilə işləyən Siri versiyasını etibarlı şəkildə işlədə bilmədiyini soruşublar. “Cihaz funksiyalarının etibarlı avtomatlaşdırılması məsələsinə gəlincə, hazırda bunu həqiqətən yaxşı edən heç kim yoxdur. Biz ilk olmaq istəyirdik. Biz bunu doğrudan da yüksək səviyyədə etmək istəyirdik” - deyə Federighi cavab verib. O, əlavə edib ki, şirkət ilkin mərhələlərdə çox ümidverici nəticələr əldə edib, lakin sonda tərtibatçılar belə nəticəyə gəliblər ki, bu sistem Apple məhsulu olmaq üçün kifayət qədər etibarlı işləmir.
    Paylaş