
Apple Safari-yə süni zəka əsaslı axtarışı əlavə edəcək
Proqram Təminatı
08.05.2025
Emil
Apple şirkəti iPhone, iPad və Mac üçün Safari brauzerinə Perplexity və Anthropic kimi üçüncü tərəf tərtibatçılara məxsus süni zəka əsaslı axtarış xidmətlərinin dəstəyini əlavə etməyi planlaşdırır. Bu barədə Google-un axtarış monopoliyası işi üzrə məhkəmə iclası zamanı Apple-ın onlayn xidmətlər üzrə baş vitse-prezidenti Eddy Cue məlumat verib. O, həmçinin əlavə edib ki, bu cür xidmətlər çox güman ki, Safari-də standart olaraq istifadə olunmayacaq. Cue onu da bildirib ki, bu ilin aprel ayında Safari üzərindən həyata keçirilən axtarış sorğularının sayı ilk dəfə olaraq azalıb. Onun sözlərinə görə, bu, istifadəçilərin standart axtarış sistemlərinə alternativ kimi süni zəka alətlərinə daha çox müraciət etməyə başladığını göstərir.

Hazırkı Apple və Google arasındakı razılaşmaya əsasən, iPhone istehsalçısı axtarış sorğularından əldə olunan reklam gəlirlərinin bir hissəsini alır. Buna görə də, axtarış sorğularının sayı azaldıqda, Apple-in gəliri də azalır. Bundan əlavə, Safari brauzerində Google-un standart axtarış sistemi kimi istifadəsini nəzərdə tutan digər bir razılaşma da hazırda təhlükə altındadır - bu, Google-un onlayn reklam sahəsindəki monopoliyası ilə bağlı davam edən məhkəmə prosesi səbəbindəndir. Hazırda Apple bu razılaşma sayəsində illik təxminən 20 milyard dollar gəlir əldə edir, çünki şirkətin cihazlarında Google axtarış sistemi standart olaraq təyin olunub. Maraqlıdır ki, Eddy Cue bu açıqlamanı, Apple və Google arasındakı razılaşmanın ləğvi ilə nəticələnə biləcək məhkəmə işində ifadə verdiyi zaman səsləndirib.

Qeyd etmək lazımdır ki, Apple əsas süni zəka funksiyalarının dəstəklənməsi baxımından getdikcə daha çox üçüncü tərəf şirkətlərin texnologiyalarına güvənir. iPhone istehsalçısı artıq səsli köməkçi Siri-nin imkanlarını genişləndirmək üçün OpenAI ilə əməkdaşlıq edir. Bu tərəfdaşlıq çərçivəsində OpenAI-nin Apple-a ChatGPT-yə pulsuz çıxış imkanı təqdim edəcəyi və bunun əvəzində öz xidmətlərinin reklamını alacağı gözlənilir. Lakin Safari-yə hər hansı süni zəka əsaslı axtarış sistemini əlavə etmək üçün Apple görünür ki, Google ilə olan mövcud razılaşmaya bənzər gəlir bölüşdürmə müqaviləsi bağlamaq istəyir. Bununla belə, Eddy Cue bildirib ki, süni zəka axtarış xidmətlərinin təminatçıları öz məhsullarını daha da təkmilləşdirməli və Google ilə rəqabət apara biləcək səviyyəyə çatdırmalıdırlar.
Mənbə: 9to5mac
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
