Discord masaüstü tətbiqini tamamilə Rust dilində yazmağa hazırlaşır
Proqram Təminatı
05.11.2026
“Discord” masaüstü tətbiqində “Electron” platformasından imtina edib tamamilə “Rust” proqramlaşdırma dilinə keçməyə hazırlaşır. Məqsəd tətbiqin kompüter resurslarını, xüsusən operativ yaddaşı daha az işlətməsidir. Şirkət yeni versiyanı yaxın vaxtlarda istifadəçilərlə sınaqdan keçirməyə ümid edir.
“Electron” veb texnologiyaları ilə müxtəlif əməliyyat sistemləri üçün masaüstü proqramlar hazırlamaq üçündür. Lakin bu platformada hazırlanan tətbiqlər adətən prosessoru və operativ yaddaşı çox işlədir. Hazırkı “Discord” tətbiqində bir neçə serverə qoşulduqda yaddaş sərfiyyatı asanlıqla 1 GB-a, bəzən daha yüksək həddə çatır.
“Discord”un texniki direktoru Stanislav Vişnevski deyib ki, “Windows” üçün hazırlanmış yeni müştəri cəmi 290 MB RAM işlədib. Hazırkı tətbiqin 1 GB və ya daha çox yaddaş işlədə bildiyini nəzərə alsaq, bu, ciddi azalmadır. Keçidin əsasını sürətli işləməsi və yaddaş təhlükəsizliyinə yönəlməsi ilə seçilən “Rust” dili təşkil edir.
“Discord” 2018-ci ildən “Rust” dilini işlədir. Şirkətin texniki infrastrukturu, səs texnologiyaları və hazırkı tətbiqin bəzi hissələri artıq bu dildə yazılıb. Tam keçiddən sonra masaüstü versiyada “Electron”dan, mobil tətbiqlərdə də “React Native”dən imtina ediləcək. Mobil tətbiqlərin telefon üçün hazırlanmış interfeysi qalacaq, kodun bir hissəsi isə masaüstü versiya ilə ortaq olacaq və “Rust” dilində yazılacaq. Keçidin dəqiq tarixi hələ açıqlanmayıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...