Logo
    Germ DM təhlükəsiz mesajlaşma tətbiqi Android üçün təqdim edildi

    Germ DM təhlükəsiz mesajlaşma tətbiqi Android üçün təqdim edildi

        Təhlükəsiz mesajlaşma tətbiqi “Germ DM” artıq “Android” cihazları üçün çıxıb. Xidmət ilk dəfə 2023-cü ildə “iOS” üçün istifadəyə verilib və indi daha çox istifadəçiyə açılıb. Tətbiqi keçmiş “Stanford University” müəllimi Tessa Brown və “iMessage”in məxfilik funksiyaları üzərində çalışmış Mark Xue yaradıb. Layihənin komandasında ümumilikdə 3 nəfər var.
    Germ DM təhlükəsiz mesajlaşma tətbiqi Android üçün təqdim edildi
        “Germ DM”də qeydiyyat üçün telefon nömrəsi tələb olunmur. İstifadəçilər fərqli kimliklər üçün ad, əvəzlik və fotodan ibarət müvəqqəti kartlar yarada bilərlər. Bu kartları QR kodu və ya xüsusi keçidlə paylaşmaq olur. Hər kartın əlaqələri digərlərindən gizli qalır. Yəni bir kartla qurulan tanışlıqlar başqa kartlarda görünmür. Kart silinəndə həmin kartdakı şəxslər artıq istifadəçiyə yaza bilmir, söhbətlər də cihazdan silinir.
        Xidmət “Internet Engineering Task Force”un hazırladığı MLS standartı ilə işləyir. Bu standart mesajları başdan-başa şifrələyir, yəni yazışmaları yalnız göndərən və qəbul edən tərəf oxuya bilir. Kart paylaşılarkən istifadəçi ilə yeni əlaqəsi arasında mesajların qorunması üçün şifrələmə açarları dəyişdirilir. Komandanın iddiasına görə, kvant kompüterlərinə qarşı qoruma “iMessage” və “Signal” ilə eyni səviyyədədir. Ancaq “Germ DM” hələ müstəqil təhlükəsizlik yoxlamasından keçməyib.
        “Germ DM” “Bluesky” sosial şəbəkəsinə də qoşulur. İstifadəçilər “Bluesky” hesab adlarını tətbiqə bağlaya və profillərinə şifrəli mesaj düyməsi əlavə edə bilərlər. Sosial şəbəkədəki şəxslər həmin düymədən istifadəçiyə birbaşa şifrəli mesaj göndərə bilir. “Android” versiyası xidmətin “Bluesky”dən kənarda da yeni istifadəçilərə çatmasını asanlaşdırır.
        Hazırda “Germ DM” yalnız 2 nəfər arasındakı yazışmaları dəstəkləyir. Komanda növbəti mərhələdə qrup söhbətlərini əlavə etmək istəyir, amma funksiyanın nə vaxt çıxacağı açıqlanmayıb. Tətbiq iş, yaradıcılıq və şəxsi həyat üçün ayrı ünsiyyət kanalları istəyənlər üçün hazırlanıb. Bütün kanalları eyni tətbiqdən idarə etmək olur, lakin onlar bir-biri ilə əlaqələndirilmir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...