Logo
    LiberNT əməliyyat sistemi Windows 11 proqramlarını işlətmək üçün hazırlanır

    LiberNT əməliyyat sistemi Windows 11 proqramlarını işlətmək üçün hazırlanır

        “LiberNT” adlı yeni əməliyyat sistemi “Windows 11” üçün hazırlanmış tətbiqləri pulsuz platformada işlətməyi hədəfləyir. Açıq mənbəli layihə “GNU GPL 3.0” lisenziyası ilə yayılıb və kodun hazırlanmasında süni intellektdən yararlanılıb. Sistem əsasən müasir avadanlıqlar və 64 bitlik platformalar üçündür. amd64, arm64 və riscv64 prosessor arxitekturaları dəstəklənir.
    LiberNT əməliyyat sistemi Windows 11 proqramlarını işlətmək üçün hazırlanır
        Layihə əvvəlcə “ReactOS” əsasında yaradılsa da, sonradan xeyli dəyişdirilib. “LiberNT” daxilində artıq ayrıca yükləmə, qrafika və yaddaş idarəetmə sistemləri var. Son yeniləmədə layihəyə yeni nüvə də əlavə edilib. Tərtibatçılar “LiberNT” sisteminin “ReactOS” və “Microsoft” ilə əlaqəsinin olmadığını, bu tərəflərin layihəni təsdiqləmədiyini deyirlər.
        Komandanın keçirdiyi sınaqlarda “LiberNT” 132 sistem testinin 112-də üstün olub. Sınaqlar faylların daha sürətli açılması üçün müvəqqəti yaddaşda saxlanmasını, yaddaşın idarəsini, proqramdakı paralel əməliyyatları və FAT32, eləcə də NTFS formatlı disklərdə fayl əməliyyatlarını əhatə edib. Hər iki sistem “Apple M3 Pro” çipli “Mac” kompüterində yoxlanılıb. Müqayisə üçün kommersiya sistemi olan “Windows 11” seçilib.
        Ayrı-ayrı sınaqların nəticələri xeyli fərqlənib. “LiberNT” ən zəif nəticəsində “Windows 11” sistemindən 28% geri qalıb, ən yaxşı göstəricidə isə 2000%-dən çox sürətli olub. Ancaq bu rəqəmlər layihənin öz komandasının apardığı ölçmələrə əsaslanır. Sistem hələ inkişafın ilkin mərhələsindədir. Komandanın məqsədi sabit, etibarlı və səmərəli pulsuz alternativ hazırlamaqdır.
        Tərtibatçılar kodun yazılması və yoxlanmasında süni intellektdən yararlandıqlarını açıq deyirlər. Süni intellektin hazırladığı bütün kodlar insanlar tərəfindən nəzərdən keçirilir. Kod əsas bölməyə əlavə edilməzdən əvvəl bir nəfər bütün sınaqları başladır və nəticələri yoxlayır. Mənbə kodu, həmçinin sistemi quraşdırıb işə salmaq üçün hazır disk faylları “GitHub”da yayımlanır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...