Linus Torvalds ilk AI dəstəkli Linux nüvə düzəlişini yayımlayıb
Proqram Təminatı
17.10.2026
“Linux” əməliyyat sisteminin yaradıcısı Linus Torvalds böyük dil modelinin (LLM) köməyi ilə hazırladığı ilk nüvə düzəlişini inkişaf qolunda yayımlayıb. Dəyişiklik çoxlu prosessor eyni faylı oxuyarkən keşə, yəni sürətli müvəqqəti yaddaşa girişdə yaranan sıxlığı azaltmaq üçündür. Bu köhnə problem ortaq proqram kitabxanalarının, verilənlər bazalarının və veb serverlərin işini ləngidə bilər.
İllər ərzində bir neçə proqramçı bu problemi həll etməyə çalışsa da, bütün hallarda işləyən uğurlu üsul tapılmayıb. Torvalds ilk variantı 2024-cü ilin əvvəlində hazırlayıb və o vaxtdan şəxsi noutbukunda işlədib. Daha sonra LLM-in köməyi ilə problemi yenidən həll etməyə çalışıb. Hazırkı kod hələ inkişaf mərhələsindədir və “Linux” nüvəsinin yekun versiyasına daxil edilməyib.
Xüsusi sintetik testdə yeni düzəliş 23 dəfə performans artımı göstərib. Belə testlər müəyyən vəziyyəti süni şəkildə təkrarlayır, ona görə gündəlik istifadədə eyni nəticə gözlənilmir. Torvalds da real iş şəraitində bu qədər böyük artım olmayacağını vurğulayıb. Dəyişiklik daha çox eyni anda çoxsaylı sorğunu emal edən serverlərə fayda verə bilər.
Torvalds ümumilikdə “Linux” nüvəsinin hazırlanmasında süni intellekt alətlərinin işlədilməsinə müsbət yanaşır. Onun fikrincə, LLM kompilyator və ya mətn redaktoru kimi adi iş alətidir. Lakin proqramçı yazdığı kodun necə işlədiyini başa düşməlidir. Nüvə komandasının avtomatik kod yoxlama aləti bəzi hallarda insanlardan daha yaxşı nəticə göstərərək sadə proqramlaşdırma səhvlərini tapıb. Komanda bundan sonra düzəliş müəlliflərindən süni intellekt işlətdiklərini açıqlamağı tələb etməyəcək.
Ancaq təhlükəsizlik boşluqlarını avtomatik axtaran süni intellekt agentləri əlavə yük də yaradıb. İlin əvvəlində çoxsaylı bildirişlərə görə “Linux”un təhlükəsizlik poçt siyahısını idarə etmək çətinləşib. Nüvə komandası hər buraxılışda təxminən 2000 CVE, yəni qeydə alınmış təhlükəsizlik boşluğu üçün düzəliş hazırlayır. Az işlədilən köhnə avadanlıq drayverləri çoxlu təhlükəsizlik hesabatı aldığına görə tədricən nüvədən çıxarılır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar