
Microsoft gələn il Windows 11 SE-nin dəstəyini dayandıracaq
Proqram Təminatı
01.08.2025
Emil
Gələn il, təqdimatından 5 il sonra, Microsoft ucuz noutbuklar üçün nəzərdə tutulmuş və Google Chromebook sinifli kompüterlərlə rəqabət aparmaq məqsədi daşıyan Windows 11 SE əməliyyat sisteminin dəstəyini dayandıracaq. Windows 11 SE yalnız təhsil müəssisələri üçün nəzərdə tutulmuş kompüterlərdə təqdim olunurdu və məqsəd bu qurumların ChromeOS-i seçmələrinin qarşısını almaq idi. Microsoft-un texniki dəstək bölməsində yerləşdirilmiş elanda deyilir: “2026-cı ilin oktyabrında Windows 11 SE-nin dəstəyi dayandırılacaq, o cümlədən proqram təminatı yeniləmələri, texniki dəstək və təhlükəsizlik yeniləmələri də. Cihazınız işləməyə davam edəcək, lakin gələcəkdə dəstək və təhlükəsizliyin təmin olunması üçün Windows 11-in dəstəklənən başqa bir versiyasına keçməyinizi tövsiyə edirik”.

Windows 11 SE platforması artıq 25H2 yeniləməsini almayacaq, yəni dəstək müddəti başa çatana qədər bu əməliyyat sistemi 24H2 versiyasında işləməyə davam edəcək. Bu əməliyyat sistemi ilə işləyən noutbuklar Acer, ASUS, Dell, Dynabook, Fujitsu, HP, JK-IP, Lenovo və Positivo kimi istehsalçılar tərəfindən təqdim edilib. Hətta Microsoft özü də 2021-ci ildə 249$ qiymətinə satılmış Surface Laptop SE modelini satışa çıxarmışdı. Şirkət illərlə ChromeOS ilə rəqabət aparmağa çalışsa da, bu cəhdlər böyük uğur gətirmədi. Bu səylərdən biri Windows 10-un yalnız Microsoft Store-dan yüklənən tətbiqlərlə işləməsinə imkan verən S Mode rejimi idi. Lakin mağazadakı məhdud tətbiq çeşidi istifadəçiləri məyus etmişdi.

Bənzər yanaşma Windows 11 SE-də də tətbiq olunmuşdu: məktəblərə ənənəvi Win32 tətbiqləri əvəzinə veb-tətbiqlər (Progressive Web Apps - PWA) quraşdırmaları tövsiyə olunurdu. Lakin bəzi hallarda Win32 tətbiqləri tələb olunduğuna görə, sistem administratorları üçün istisnalar yaratmaq lazım gəlirdi və Microsoft bu sistemdə istifadə olunan proqram təminatına ciddi nəzarət edirdi. Microsoft-un Windows 11 SE layihəsini bağlamaq qərarından 1 il əvvəl Gartner analitikləri bildirmişdilər ki, ChromeOS ilə işləyən noutbukların bazar payı azalmaqdadır - bunun səbəbləri kimi kiçik istifadəçi bazası və zəif yığım keyfiyyəti göstərilirdi. 2022-ci ildən etibarən Chromebook tədarükü azalır və alıcılar yeni kompüter seçərkən getdikcə daha çox Windows 11 sistemli modellərə üstünlük verirlər, ChromeOS-ə keçid isə artıq əvvəlki qədər maraq doğurmur.
Paylaş