Logo
    main-post-cover

    Süni zəka əsaslı Copilot for Gaming xidməti anons edilib

    Proqram Təminatı
    13.03.2025
    Emil
         Microsoft süni zəka əsaslı Copilot for Gaming xidmətini istifadəyə verməyə hazırlaşır. Bu sistem oyunların yüklənməsi və işə salınması zamanı köməkçi funksiyasını yerinə yetirəcək, həmçinin oyun prosesində oyunçuları müşayiət edəcək. İlk mərhələdə süni zəka əsaslı oyun təlimçisi Xbox-un mobil tətbiqi vasitəsilə əlçatan olacaq. Bu köməkçi ayrı bir ekranda göstərilən bələdçi və ya oyun yoldaşı rolunu oynayacaq. Microsoft Copilot for Gaming-i bir növ oyun assistenti kimi təqdim edir. Bu sistem oyunçulara məsləhətlər və təlimatlar təqdim edəcək, oyun dünyası haqqında faydalı məlumatlar verəcək. Microsoft-un oyun süni zəka üzrə məhsul meneceri Sonali Yadav mətbuat konfransı zamanı Copilot for Gaming-in bir neçə istifadə ssenarisini nümayiş etdirib.
         Copilot for Gaming-in bir neçə istifadə ssenarisi nümayiş etdirilib. Bunlardan biri "Overwatch 2" oyunçusuna kömək etmə prosesini göstərib. Süni zəka oyunçunun səhvlərini analiz edərək, komanda yoldaşları olmadan irəliləməyə çalışmasının uğursuz nəticələndiyini izah edib. "Overwatch 2"də süni zəka təlimçi oyunçulara komandaya ən uyğun qəhrəmanı seçməkdə kömək edir. Copilot hər bir personajın güclü və zəif tərəflərini bilir və ideal bacarıq kombinasiyalarını tövsiyə edə bilir. "Minecraft" oyununda Copilot oyunçulara obyektlər yaratmaq üçün lazım olan materiallar və reseptlər barədə məsləhətlər verir.
         Sistem oyunçunun ekranındakı məlumatları oxuyaraq real vaxt rejimində lazım olan ipuclarını təqdim edir. Hətta bəzi materialların harada tapılacağını göstərərək, təcrübəli bir “gamer kimi” məsləhətlər verir. Copilot for Gaming-in bu imkanları ilk buraxılışda əlçatan olmayacaq. Microsoft aprel ayında Xbox Insiders proqramı iştirakçıları vasitəsilə Xbox mobil tətbiqi üzərindən Copilot-un ilkin versiyalarını test etməyi planlaşdırır. Ekspertlər Copilot for Gaming layihəsinin nə dərəcədə real və effektiv olacağını qiymətləndirməkdə çətinlik çəkirlər, çünki aprel ayında testerlərə təqdim olunacaq funksiyaların dəqiq məzmunu hələ tam aydın deyil. Bununla belə, Microsoft-un süni zəkanı həyatın hər bir sahəsinə - kosmos və qabaqcıl texnologiyalardan tutmuş ailə psixologiyası və uşaq baxımına qədər inteqrasiya etdirmək istədiyi görünür.
    Mənbə: The Verge
    Paylaş