Logo
    Winamp 2027-də aylıq abunəli musiqi yayımı xidməti təqdim edəcək

    Winamp 2027-də aylıq abunəli musiqi yayımı xidməti təqdim edəcək

        “Winamp” 2027-ci ilin ilk yarısında aylıq abunə ilə işləyən yeni musiqi yayımı xidməti açacaq. 1997-ci ildə çıxan proqram internetdən musiqi dinləmə xidmətləri yayılmamışdan əvvəl kompüterdə MP3 fayllarını açmaq üçün ən məşhur seçimlərdən biri idi. Yeni versiya klassik masaüstü proqramını əvəz etməyəcək, onunla yanaşı işləyəcək. Köhnə proqramı indiki kimi yükləyib işlətmək də olar.
    Winamp 2027-də aylıq abunəli musiqi yayımı xidməti təqdim edəcək
        Yeni “Winamp”ın musiqi yayımı sistemini və lisenziyalı mahnı kataloqunu “Deezer” idarə edəcək. İstifadəçilər abunəlikdəki mahnılarla yanaşı, kompüterdəki musiqi fayllarını, podkastları və internet radiolarını dinləyə biləcəklər. Buludda saxlanan musiqi arxivinə də giriş olacaq. Proqramın görünüşünü zövqə uyğun dəyişmək, başqa istifadəçilərlə əlaqə qurmaq, yeni musiqi tapmaq və arxivi nizamlamaq üçün alətlər də hazırlanır. Qiymət və hansı platformalarda işləyəcəyi hələ açıqlanmayıb.
        “Winamp”ın məlumatına görə, klassik tətbiqin dünya üzrə 40 milyondan çox aktiv istifadəçisi var. Yeni pleyer çıxandan sonra eyni abunə seçiminin klassik tətbiqə də əlavə edilməsi planlaşdırılır. “Deezer” yayım sisteminə və mahnı kataloquna cavabdeh olacaq. Məhsul, brend və abunəçilərlə əlaqə isə “Winamp”ın nəzarətində qalacaq.
        “Deezer” və “Winamp” müqaviləni iyulun 1-də imzalayıb. “Deezer”in tərəfdaş kanallarından gələn abunəçilərinin sayı 2026-cı ilin ilk yarısında 3,1 milyona düşüb. Bu, əvvəlki illə müqayisədə təxminən 800 min azdır. Həmin bölmənin gəliri də 7,6 faiz azalaraq 70,7 milyon avroya enib. “Mercado Libre” ilə paket razılaşması başa çatdıqdan sonra şirkət “Telenor” və “EDF” kimi tərəfdaşlarla bu sahəni yenidən böyütməyə çalışır.
        “Winamp” daha əvvəl də oxşar yenilənmə vəd etmişdi. Şirkət 2018-ci ildə MP3 fayllarını, bulud arxivini, podkastları və internet radiolarını bir proqramda birləşdirəcək versiyanın növbəti il çıxacağını açıqlamışdı. Ancaq 2019-cu ildə gözlənilən proqram çıxmadı, lazım olan xidmətlərin necə birləşdiriləcəyi də açıqlanmadı. Yeni razılaşma ilə “Winamp” lisenziyaları və yayım sistemini birbaşa “Deezer”dən alacaq. Beləliklə, əvvəlki əsas problem aradan qalxacaq.
        Klassik pleyerin yenilənmiş versiyası 2022-ci ildə çıxıb. “Winamp” 2024-cü ilin sentyabrında proqramın mənbə kodunu “GitHub”da paylaşmışdı. Ancaq lisenziya həmin kod əsasında dəyişdirilmiş versiyaların yayılmasını məhdudlaşdırırdı. Bu qərar tənqid olundu. Üstəlik, kodda “Dolby” və “Microsoft”a aid hissələr tapıldı. Bir neçə həftə sonra bütün arxiv silindi.
        Yeni xidmət “Winamp”ın təxminən 30 illik tarixində ilk ödənişli abunə olacaq. Şirkət onun indiki musiqi xidmətlərindən fərqlənəcəyini desə də, fərqin nədən ibarət olduğunu hələ izah etməyib. Məhsulun yeni görüntüləri və funksiyaları qarşıdakı aylarda açıqlanacaq. “AOL” 2013-cü ildə proqramı bağlamağı planlaşdırmış, lakin sonradan onu “Radionomy”yə satmışdı.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...