main-post-cover

    Bu həftədən başlayaraq App Store-da istifadəçilərə daha çox reklam elanı sərgilənəcək

    Proqram Təminatı
    Servislər
    23.10.2022
    Emil Nəcəfov
        Apple rəsmi olaraq bildirib ki, bu həftədən başlayaraq App Store platformasında reklam elanları üçün daha çox yer ayrılacaq. Tərtibatçılara göndərilmiş elektron məktubda şirkət qeyd edib ki, 25 oktyabr tarixindən App Store-un “Today” qovluğunda və “You May Also Like” bölməsində reklam elanları sərgilənəcək. Bu yeni addım Çindən başqa bütün ölkələri əhatə edəcək. App Store platformasında sərgilənən bütün reklam elanları göy fon rənginə və reklam sözünə sahibdirlər. Apple şirkətinin App Store-da daha çox reklam elanına diqqət ayıracağı barəsində məlumat hələ yay fəslinin sonunda ortaya çıxmışdı.
        Bundan əlavə olaraq keçən həftə məlumat ortaya çıxmışdı ki, şirkət aşağı smartfon satışlarını kompensasiya etmək üçün reklam sahəsinə daha çox diqqət ayıracaq. “”Today” qovluğundakı reklam sayəsində sizin tətbiqiniz App Store-un əsas səhifəsində görünən yerdə əks oluna bilər. Bu isə sizin tətbiqinizi istifadəçilərin App Store-a daxil olduqları zaman görəcəkləri ilk tətbiqlərdən biri edə bilər” - deyə Apple şirkətinin məlumatında qeyd edilib. App Store tarixində ilk dəfə olaraq tərtibatçılar “Today” qovluğunda reklam yerləşdirə biləcəklər.
        Daha öncə sözügedən qovluqda yalnız App Store xidməti tərəfindən seçilən kontentlər yerləşdirilirdi və buna görə də ödəniş tələb edilmirdi. “You May Also Like” bölməsi vasitəsilə isə tərtibatçılar öz tətbiqlərini digər tətbiqlərin səhifələrində sərgiləyə biləcəklər. Hüquq məsələləri üzrə mütəxəssis olan Florian Mueller qeyd edib ki, bundan sonra tərtibatçılar öz tətbiqlərinin səhifələrində reklam almalı olacaqlar. Bu üsul ilə onlar öz tətbiqlərinin səhifələrində digər tətbiqlərin əks olunmalarının qarşısını ala biləcəklər və beləliklə potensial istifadəçilər digər tətbiqlərə diqqət ayıra biməyəcəklər.
    Linki kopyala