main-post-cover

    ChatGPT tarixin ən sürətlə böyüyən servisi olub

    Proqram Təminatı
    Servislər
    03.02.2023
    Emil Nəcəfov
        OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botu sürətlə bütün dünyada məşhurlaşmağa davam edir. UBS adlı şirkətin qiymətləndirməsinə əsasən keçən ay ChatGPT-nın istifadəçi kütləsi 100 milyon çatıb. OpenAI bu nəticəni çat-botun istifadəyə verilməsindən cəmi 2 ay sonra əldə edə bilib. Bu isə ChatGPT-nı tarixdə ən sürətlə böyüyən istehlakçı məhsulu edir. Similar Web adlı analitik şirkətin məlumatına əsasən keçən ay ChatGPT-dan gündəlik 13 milyon insan istifadə edib. Bu isə servisin dekabr ayındakı göstəricisindən iki dəfə böyükdür. “Internet mühitinin 20 illik müşahidəsi çərçivəsində biz bu cür sürətlə böyüyən istehlakçı tətbiqləri görməmişik” - deyə UBS şirkəti qeyd edib.
        Qeyd etmək lazımdır ki, Microsoft tərəfindən aktiv şəkildə dəstəklənən OpenAI şirkəti ChatGPT-nı keçən ilin noyabr ayının sonunda istifadəyə vermişdi. Həmin vaxtdan 2 ay keçib və servisin istifadəçi kütləsi artıq 100 milyon təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, eyni nəticəni əldə etmək üçün TikTok-un qlobal versiyasına 9 ay, Instagram-a isə 2 il vaxt lazım olub. Hal hazırda istifadəçilər ChatGPT-dan pulsuz şəkildə istifadə edə bilərlər. Lakin dünən rəsmi olaraq məlumat verildi ki, OpenAI şirkəti öz çat-botunun ChatGPT Plus adlı pullu versiyasını ABŞ-dakı istifadəçilər üçün istifadəyə verib. Çat-botun pullu versiyasından istifadə haqqı aylıq 20$ təşkil edir. Bu vəsaiti ödəməklə istifadəçilər ChatGPT-nın daha geniş imkanlarından yararlana bilərlər.
    Linki kopyala