
Google şirkəti çoxlu sayda istifadəçiyə göndərilməsi üçün nəzərdə tutulmuş dələduzluq məqsədli məktublarla mübarizə aparmaq istiqamətində yeni imkanı işə salıb. Belə ki, şirkətin Gmail servisi məktubları göndərən tərəfin autentifikasiyası üzrə genişləndirilmiş imkanlar əldə edib. Bundan sonra yoxlanılmış şirkətlərin elektron poçt ünvanlarını sadə üsul ilə digərlərindən fərqləndirmək mümkün olacaq.
Google Workspace servisindən istifadə edən təşkilatlar və şirkətlər Brand Indicators for Message Identification (BIMI) təşəbbüsü çərçivəsində yoxlanış prosesindən keçə bilərlər. Sözügedən yoxlanış prosesindən keçəndən sonra isə onların hesabları göy rəngli təsdiq işarəsini əldə edəcəklər. Google şirkətinin sözlərinə əsasən istifadəçilər bu üsul ilə rəsmi elektron məktubları dələduzluq məqsədilə göndərilən məktublardan fərqləndirə biləcəklər.