
Google şirkəti Google Marketing Live tədbiri çərçivəsində Product Studio adlı süni zəka texnologiyasını təqdim edib. Bu texnologiya sahibkarlara generativ süni zəka vasitəsilə öz məhsulları üçün rahat şəkildə fotoların yaradılması imkanını verir. ABŞ-dakı sahibkarlar yaxın bir neçə ay ərzində bu texnologiyadan istifadə etmək imkanına sahib olacaqlar. Google şirkətinin verdiyi məlumata əsasən Product Studio vasitəsilə satıcılar öz məhsullarının fotolarını pulsuz şəkildə yarada biləcəklər.
Bunun vasitəsilə onlar yeni fotosessiyalara ola biləcək xərclərdən azad olacaqlar. Məsələn, dəriyə qulluq üçün nəzərdə tutulmuş hansısa məhsulun istehsalçısı öz məhsulunun müəyyən sezon üçün olan versiyasını seçərək onun “şaftalıların əhatəsində arxa fonda tropik bitkilərlə” əks olunmuş fotosunu yarada bilər. Bununla yanaşı Product Studio aşağı keyfiyyətə sahib və kiçik ölçülü fotoların keyfiyyətlərini yaxşılaşdırmağa da imkan verəcək. Beləliklə sözügedən texnologiya bir məhsulun təkrar fotosessiyası prosesini də aradan qaldırır.