X “klikbeyt ovuna çıxır”: Platforma manipulyativ paylaşımlara görə ödənişləri azaldır
Sosial Media
13.04.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, X platforması klikbeyt məzmun və sürətli xəbər “copy-paste” edən hesablarla bağlı yeni addım atıb. Şirkətin məhsul rəhbəri Nikita Bier bildirib ki, bu tip paylaşımlar edən hesabların gəlirləri əhəmiyyətli dərəcədə azaldılır.
Bier-in sözlərinə görə, “timeline”ı çoxsaylı klikbeyt və təkrarlanan paylaşımlarla dolduran “aggregator” hesabların ödənişləri bu dövrdə 60 %-ə endirilib və növbəti mərhələdə əlavə 20 % azalma gözlənilir. O, xüsusilə hər paylaşımda “BREAKING” kimi ifadələrdən istifadə edən hesabların da hədəfdə olduğunu vurğulayıb.
Onun fikrincə, bu cür paylaşımlar platformada real yaradıcıların görünürlüğünü azaldır və yeni müəlliflərin inkişafına mane olur: “X heç vaxt ifadə azadlığına və ya çatım imkanlarına müdaxilə etməyəcək, amma sistemin manipulyasiyasına görə ödəniş etməyəcəyik”.
Bu qərardan sonra bəzi məşhur hesablar gəlirlərinin azaldığını və ya monetizasiyanın dayandırıldığını bildiriblər. Məsələn, “Dom Lucre” adı ilə tanınan Dominick McGee platformada yenidən demonetizasiya edildiyini deyərək narazılıq edib. 1,6 milyon izləyicisi olan McGee, əvvəllər də oxşar səbəblərlə cəzalandırıldığını qeyd edib.
Digər istifadəçilər də təsadüfən bu qaydalara düşməkdən narahat olduqlarını bildiriblər. Bəzi hesablar özlərini “aggregator” hesab saymadıqlarını desələr də, aşağı ödəniş aldıqlarını qeyd edirlər.
Mövzu ətrafında müzakirələr davam edərkən, analitik Nate Silver platformadan xarici saytlara trafik yönləndirməyin çətinləşdiyini deyib. Elon Musk isə bu iddiaları rədd edərək onları “cəfəngiyat” adlandırıb.
Paylaş