Logo
    X platforması yeniyetmələr üçün valideyn nəzarətini işə saldı

    X platforması yeniyetmələr üçün valideyn nəzarətini işə saldı

    Sosial Media
    26.11.2026
        Elon Maskın “X” platformasında ilk dəfə 13 - 17 yaşlı istifadəçilər üçün valideyn nəzarəti funksiyası işə düşüb. Bu yaş qrupundakı istifadəçilərin hesabları avtomatik qorunan rejimə keçəcək. Həmin hesablarda həssas foto və videolara baxış məhdudlaşdırılacaq, istifadəçiyə uyğun seçilən reklamlar göstərilməyəcək.
        Valideynlər və qəyyumlar yeniyetmənin “X”də nə qədər vaxt keçirdiyini görə və platformadan istifadə üçün gündəlik vaxt həddi qoya biləcəklər. Onlar yeni izləyicilərin yalnız təsdiqdən sonra əlavə olunmasını da tələb edə bilərlər. Ailələr “Sizin üçün” bölməsində tövsiyələri yeniyetmənin artıq izlədiyi hesablarla məhdudlaşdıra bilərlər. Həmçinin müəyyən sözləri süzgəcdən keçirmək və həssas foto və videoların göstərilməsini söndürmək olar.
        Yeni ayarlarla yeniyetməyə kimin şəxsi mesaj göndərə biləcəyini də seçmək olar. Valideynlər yeniyetmənin hansı hesablarla təkbətək yazışdığını görəcəklər, amma mesajları oxuya bilməyəcəklər. Axtarış və baxış tarixçəsi də onlara göstərilməyəcək. Valideynlər yeniyetmənin hesabına daxil ola və onun adından paylaşa bilməyəcəklər.
        Hesabları bir-birinə bağlamaq üçün ilk addımı valideyn və ya qəyyum atır, yeniyetmə isə bunu öz hesabından təsdiqləyir. Valideyn nəzarəti yalnız hər iki tərəf razılaşdıqdan sonra işə düşür. Valideyn bu ayarlarla 5 yeniyetmənin hesabını idarə edə bilər. Hesabları necə əlaqələndirməyin qaydası “X”in yardım mərkəzində izah olunur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...