
Veritas Capital adlı özəl investisiya şirkəti BlackBerry-nin alınması təklifini edib. Bu barədə məlumatı Reuters saytı təqdim edib. BlackBerry-nin ABŞ birjasında satılan səhmlərinin ümumi dəyəri sözügedən məlumatın fonunda 17% yüksəlib, şirkətin bazar dəyəri isə 3.1 milyard dollara yüksəlib. Qeyd etmək lazımdır ki, BlackBerry may ayında öz biznesinin strateji analizini keçirtməyə başlamışdı. Həmin vaxtda şirkət öz biznesinin iki hissəyə ayrılması ehtimalını da qeyd etmişdi.
Veritas Capital adlı özəl investisiya şirkəti isə BlackBerry-ni bütövlüklə almağı təklif edib. Lakin bununla belə BlackBerry hal hazırda digər potensial alıcılar ilə də danışıqlar aparır. Qeyd etmək lazımdır ki, BlackBerry 1984-cü ildə təsis edilib. 2000-ci illərin əvvəllərində şirkət biznes smartfonların istehsalı ilə məşhurlaşmışdı. Hal hazırda isə şirkət avtomobillər və kibertəhlükəsizlik sahəsi üçün proqram təminatının hazırlanması ilə məşğuldur. Keçən il şirkət smartfon istehsalı biznesindən tamamilə imtina etdi və hal hazırda smartfonlarla bağlı patentlərindən qurtulmaq niyyətindədir.