Logo
    ABŞ məxfi məlumatları süni intellektlə müəyyən edəcək

    ABŞ məxfi məlumatları süni intellektlə müəyyən edəcək

        ABŞ Daxili Təhlükəsizlik Nazirliyi İnformasiya Azadlığı Aktı (FOIA) üzrə göndərilən sorğuları süni intellektlə emal etməyə hazırlaşır. Sistem sənədlərdə ictimaiyyətə açıqlanmamalı hissələri seçməyə kömək edəcək. Sentyabrın sonunadək bu texnologiya ümumi FOIA sorğularının 10 faizindən çoxunda işlədiləcək. Söhbət 100 000 ilə 140 000 arasında sorğudan gedir.
        Plan çərçivəsində ABŞ Gömrük və Sərhəd Mühafizəsi “Google” şirkətinin süni intellekt alətlərindən yararlanacaq. Alətlər əməkdaşlara sənədin hansı hissələrinin qaraldılmalı, yəni gizlədilməli olduğunu göstərəcək. Ancaq son qərarı əməkdaşlar verəcək və hər sorğunu ayrıca yoxlayacaqlar. Məqsəd sənədlərin emalını sürətləndirmək, eyni zamanda sorğu göndərən şəxsə dəqiq və tam məlumat çatdırmaqdır.
        ABŞ-nin digər dövlət qurumları da oxşar sistemlərdən yararlanır və ya öz alətlərini hazırlayır. Daxili Resurslar Nazirliyi vəkil və müştəri arasında məxfi saxlanmalı məlumatları seçmək üçün “Microsoft” alətlərini işlədir. Ədliyyə Nazirliyi videolardakı bəzi hissələri gizlətmək üçün “Veritone aiWARE” sistemini işə salıb. Səhiyyə və İnsan Xidmətləri Nazirliyi də “FRED” adlı öz alətini hazırlayır.
        Sənədlərdəki məlumatların qaraldılması ABŞ Ədliyyə Nazirliyinin Epstein fayllarını yaymasından sonra yenidən müzakirə olunmağa başlayıb. Həmin vaxt milyonlarla sənəddə bəzi mətn hissələri gizlədilmişdi. Hökumət süni intellektin vaxta qənaət edəcəyini düşünür. Ekspertlər isə sistemin lazım olandan çox məlumatı gizlədəcəyindən və dövlət qurumlarını ictimai nəzarətdən uzaqlaşdıracağından narahatdırlar.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...