Anthropic Claude-da bank xərclərini təhlil edən alət təqdim etdi
Süni İntellekt
05.11.2026
“Anthropic” “Claude” çatbotuna “Personal Finance” adlı şəxsi maliyyə aləti əlavə edib. Funksiya bank və kredit kartı hesablarını “Plaid” ilə qoşur, xərcləri sadə dildə təhlil edir. Beta versiya bu həftə ABŞ-də “Pro”, “Max” və “Ultra” planlarına abunə olanlar üçün açılır. Alət yalnız məlumatları oxuyur. Pul köçürmək, hesabı idarə etmək və ya sərmayə yatırmaq olmur.
İstifadəçi ayın sonunda “Bu ay pulum hara xərcləndi?” deyə soruşa bilər. “Claude” qoşulmuş hesablardakı ödənişləri toplayır və kirayə, kommunal xidmətlər, yemək, içki və alış-veriş kimi kateqoriyalara bölür. Xərcləri əvvəlki dövrlərlə müqayisə etmək və diqqətdən qaçan ödənişləri tapmaq da olur. Məlumatlar panel və təqvim formasında göstərilə bilər.
Alət mütəmadi tutulan ödənişləri, gözlənilməz komissiyaları və getdikcə artan hesabları tapa bilər. İstifadəçi gəlirindən çox xərcləyib-xərcləmədiyini, növbəti maaşadək qalan ödənişləri və böyük bir səfərin xərcini ödəyə bilib-bilməyəcəyini soruşa bilər. “Claude” hər ay nə qədər pul yığmağın real olduğunu da hesablayır. Bundan başqa, illik faiz dərəcəsi kimi anlayışları izah edir və son 1 ildə faizlərə nə qədər pul ödənildiyini göstərir.
Hesabı qoşmaq üçün istifadəçi “Plaid” sistemində öz bankına daxil olaraq icazə verir. Buna görə “Claude” bank parolunu görmür. Çatbot bankın və hesabın adını, hesab növünü, nömrənin son 4 rəqəmini, balansı və kredit limitini görə bilər. Alət həmçinin 2 ilədək əməliyyat tarixçəsini oxuya bilir. “Anthropic”ə görə, “Personal Finance” bölməsindəki söhbətlər modellərin öyrədilməsində işlədilmir.
“Personal Finance” reklam və sponsorlu məsləhətlər göstərmir. Həmçinin hər hansı kredit kartını, krediti və ya əmanət hesabını reklam etmir. Alət investisiya məsləhəti vermək üçün hazırlanmayıb. “Anthropic” cavablarda səhvlər ola biləcəyini vurğulayır və vacib rəqəmləri bankla yoxlamağı məsləhət görür. İstifadəçilər yekun məbləğin hansı ödənişlərdən yarandığını ayrıca soruşa bilərlər.
“Personal Finance” şəxsi maliyyə məlumatlarını söhbət formasında anlamağı asanlaşdırır. “ChatGPT” oxşar maliyyə funksiyasını may ayında çıxarmışdı və hesabları “Plaid” üzərindən qoşur. “Anthropic” bu ilin əvvəlində “Claude for Legal” və “Claude for Financial Services” xidmətlərini də çıxarıb. Şirkət gələcəkdə lisenziyalı mütəxəssislər və qaydalarla tənzimlənən maliyyə qurumları ilə əməkdaşlığı nəzərdən keçirir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...