Logo
    Anthropic Claude materialını masaüstü tətbiqə çevirən yenilik təqdim etdi

    Anthropic Claude materialını masaüstü tətbiqə çevirən yenilik təqdim etdi

        “Anthropic” “Claude” üçün yeni sınaq funksiyası təqdim edib. Artıq istifadəçilər çatda hazırladıqları uyğun interaktiv materialları ayrıca masaüstü tətbiq kimi quraşdıra bilirlər. Veb səhifəyə bənzəyən bu materiallarda mətn, qrafik, foto, video və istifadəçinin qarşılıqlı əlaqə qura bildiyi hissələr ola bilər. Əvvəllər belə materialları yalnız “Claude” daxilində açmaq olurdu.
        Quraşdırmaq üçün əvvəlcə materialı “Claude”da açmaq, sonra sol yuxarı küncdəki menyudan “Install as an app” (tətbiq kimi quraşdır) seçimini etmək lazımdır. Quraşdırıldıqdan sonra tətbiqi birbaşa masaüstündən açmaq olur. Tətbiq bildiriş göndərə və kompüterin menyu çubuğuna yeni elementlər əlavə edə bilir.
        Hər tətbiqə hansı icazələrin veriləcəyini istifadəçi özü seçir. Ayarlar dəyişdirilməsə, tətbiq yalnız brauzerdə edə bildiyi işləri görür. İstifadəçi istəsə, ona kompüterə tam giriş icazəsi də verə bilər. Yəni tətbiqi masaüstünə quraşdırmaq ona avtomatik olaraq daha geniş giriş vermir.
        Bu seçim bütün materiallar üçün işləmir. “Claude Docs”, “Slides” və “Sheets” formatlarında hazırlanan materialları masaüstü tətbiq kimi quraşdırmaq olmur. “Anthropic” sınaq funksiyasını bütün abunə planlarında açır. Funksiya “Team” planında əvvəlcədən aktivdir, “Enterprise” planında isə onu hesab sahibi açmalıdır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...