Apple-ın AI rəhbəri istefa verdi
Süni İntellekt
02.12.2025
Sevinc
Technote.az "The Verge" platformasına istinadən bildirir ki, Apple-ın süni intellekt şöbəsinin rəhbəri Con Ciannandrea vəzifəsindən ayrılır. Şirkət bu qərarı bazar ertəsi açıqlayıb. Dəyişikliyin səbəblərindən biri kimi Apple-ın uzun müddətdir problemlərlə üzləşən Siri-nin yenilənmiş AI versiyasını gecikdirməsi göstərilir.
Onun yerinə Apple-ın yeni AI vitse-prezidenti olaraq Amar Subramanya təyin olunub. Subramanya 16 il Google-da çalışıb, daha sonra Microsoft-un AI bölməsində korporativ vitse-prezident kimi fəaliyyət göstərib. Apple-da o, şirkətin AI modellərinin inkişafı, maşın öyrənməsi tədqiqatları və AI təhlükəsizliyi üzərində işlərə rəhbərlik edəcək.
Ciannandrea 2018-ci ildə Google-dan Apple-a keçmişdi və əsas məqsədi Siri-ni inkişaf etdirmək idi. Lakin bu il mart ayında Apple daha fərdiləşdirilmiş Siri-nin təqdimatını təxirə saldı və bunun gözləniləndən daha uzun çəkdiyini bildirdi. Bloomberg-in məlumatına görə, Tim Kuk Ciannandrea-nın rəhbərliyinə olan inamını itirdikdən sonra Vision Pro layihəsinin rəhbəri Mayk Rokveli AI komandasına nəzarətə gətirib. Ciannandrea 2026-cı ilin yazına qədər məsləhətçi kimi qalacaq və sonra təqaüdə çıxacaq.
Apple bildirir ki, Subramanya-nın tədqiqat yönümlü AI işlərini real məhsullara inteqrasiya təcrübəsi “Apple Intelligence” layihələrinin gələcək inkişafı üçün əsas rol oynayacaq. Yeni struktura əsasən, o, Apple-ın proqram təminatı üzrə baş vitse-prezidenti Kreyq Federiqqiyə hesabat verəcək. Yenilənmiş və daha ağıllı Siri-nin 2026-cı ilin yazında təqdim ediləcəyi gözlənilir. Bloomberg həmçinin bildirib ki, Siri-nin bəzi yeni funksiyaları Google-un Gemini modelinin xüsusi versiyası ilə işləyəcək.
Tim Kuk açıqlamasında deyib: “Süni intellekt uzun illərdir Apple strategiyasının əsas hissəsidir. Amar-ın komanda üzvlərimizə qoşulması və AI təcrübəsini Apple-a gətirməsi bizi sevindirir. Kreyq həmçinin gələn il daha fərdiləşdirilmiş Siri-ni istifadəçilərə təqdim edəcək”.
Paylaş