Apple Siri planlarını dəyişir! Funksiyalar mərhələli təqdim olunacaq
Süni İntellekt
12.02.2026
Ilhama
Bloomberg jurnalisti Mark Gurman-ın məlumatına görə, Apple uzun müddətdir üzərində işlədiyi yenilənmiş Siri versiyasını ilkin planlaşdırıldığı kimi bu il tam şəkildə təqdim etməyə hazır deyil. Səbəb isə daxili testlər zamanı ortaya çıxan proqram problemləridir.
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, yeni Siri bəzi hallarda tapşırıqları yerinə yetirmək üçün həddindən artıq vaxt tələb edir, bəzi sorğuları isə ümumiyyətlə düzgün emal edə bilmir. Test mərhələsində virtual köməkçinin performansı o qədər zəif olub ki, inkişaf etdirici komanda buraxılışı bir neçə ay təxirə salmağın qaçılmaz olduğunu düşünüb.
Apple bu yenilənmiş Siri-ni ilk dəfə 2024-cü ildə təqdim etmişdi. Şirkət süni intellekt əsaslı yeni köməkçinin istifadəçilər üçün daha fərdi və funksional olacağını vəd edirdi. Məsələn, Siri-nin xüsusi fotoları tapması, kontakt kartlarına məlumat əlavə etməsi, şəkilləri redaktə etməsi və qeydlərin xülasəsini e-poçt kimi paylaşması mümkün olmalı idi. Əvvəlcə bu funksiyaların 2025-ci ildə iOS istifadəçilərinə təqdim ediləcəyi planlaşdırılırdı. Lakin Apple ötən il açıqlama verərək bildirmişdi ki, bu xüsusiyyətlərin hazırlanması gözləniləndən daha çox vaxt tələb edir və mərhələli şəkildə təqdim olunacaq.
Paylaş