Logo
    Araşdırma: xəstəxanalarda AI sığorta xərclərini 1,6 mlrd manat artırıb

    Araşdırma: xəstəxanalarda AI sığorta xərclərini 1,6 mlrd manat artırıb

        “Blue Cross Blue Shield Association” xəstəxanalarda süni intellektdən (AI) istifadənin tibbi sığorta xərclərini artırdığını hesablayıb. 2024 və 2025-ci illəri əhatə edən təhlilə görə, əlavə 942 milyon dollar xərc yaranıb. Bu məbləğ təxminən 1,6 milyard manatdır. Təşkilat 31 müstəqil sığorta şirkətini təmsil edir və 100 milyondan çox insanı əhatə edir.
    Araşdırma: xəstəxanalarda AI sığorta xərclərini 1,6 mlrd manat artırıb
        Xəstəxanalar AI alətləri ilə tibbi qeydləri yoxlayır və pasiyentlə görüş zamanı danışılanları mətnə çevirirlər. Sistemlər əsas şikayətlə yanaşı, əlavə xəstəlikləri və ağırlaşmaları da tapa bilir. İnsan mütəxəssis çoxsaylı sənədləri yoxlayarkən belə detalları gözdən qaçıra bilər. ABŞ-də ödəniş diaqnozların sayından və mürəkkəbliyindən asılıdır. Buna görə daha çox diaqnoz xərcin də artması deməkdir.
        Təhlil mürəkkəb xəstəlik diaqnozu qoyulan pasiyentlərin sayının kəskin artdığını göstərib. Ancaq müalicədə və tibbi xidmətin həcmində buna uyğun artım qeydə alınmayıb. Təşkilatın qənaətinə görə, pasiyentlər daha ağır xəstələnməyib. Sadəcə, daha yüksək ödəniş tələb etmək üçün sənədlərə daha çox sağlamlıq problemi əlavə olunub. Bununla yanaşı, əlavə problemlərin erkən aşkarlanması pasiyentin sağlamlığı üçün faydalı ola bilər.
    Araşdırma: xəstəxanalarda AI sığorta xərclərini 1,6 mlrd manat artırıb
        Sığorta şirkətləri də xəstəxanalardan gələn ödəniş tələblərini AI ilə yoxlamağa başlayıblar. Sistemlər diaqnozun düzgün olub-olmadığını və müalicəyə həqiqətən ehtiyac duyulub-duyulmadığını qiymətləndirir. Beləliklə, xəstəxanaların və sığortaçıların AI alətləri eyni ödəniş tələbini qarşılıqlı yoxlayır. Bu proses kompüter sistemləri və idarəetmə üçün xərcləri artıra bilər. Əlavə xərc də daha yüksək sığorta haqları şəklində pasiyentlərə ötürülə bilər.
        “Abridge” şirkətinin təsisçisi Şiv Rao AI sistemləri arasındakı qarşıdurmanın arzuolunmaz gələcək yarada biləcəyini etiraf edib. Bununla yanaşı, o düşünür ki, texnologiyanın düzgün tətbiqi tərəflər arasındakı gərginliyi və xərcləri azalda bilər. Təşkilatın məhsul və məlumat elmləri üzrə vitse-prezidenti Luke Chalker vəziyyəti müharibə adlandırmaq istəməyib. Onun fikrincə, hazırda əsas itkini sığortaçılar yaşayır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...