Logo
    main-post-cover

    Firefox istifadəçilərə AI funksiyalarını tam söndürmək imkanı verdi

        Technote.az "Mashable” platformasına istinadən bildirir ki, süni intellekt funksiyalarının sürətlə artması bir çox istifadəçini narahat edir. Demək olar ki, hər tətbiq və cihaz AI əsaslı xüsusiyyətlər təqdim etməyə başlayıb. Lakin Mozilla şirkətinin hazırladığı Firefox brauzeri bu dəfə fərqli yanaşma ilə çıxış edib. Şirkət yeni yayımladığı Firefox 148 versiyasında xüsusi “AI kill switch” funksiyasını təqdim edib. Bu funksiya istifadəçilərə brauzerdəki bütün süni intellekt inteqrasiyalarını bir düymə ilə deaktiv etməyə imkan verir.
        AI funksiyalarını söndürmək üçün istifadəçilər brauzeri ən son versiyaya yeniləməli, daha sonra Settings → AI Controls bölməsinə keçməlidirlər. Burada yerləşən “Block AI Enhancements” seçimini aktiv etdikdə brauzerdəki bütün AI əsaslı xüsusiyyətlər deaktiv edilir.
        Bu dəyişiklik aşağıdakı funksiyaları əhatə edir:
    • Yan paneldə yerləşən ChatGPT və digər çatbot inteqrasiyaları
    • AI əsaslı link icmalları
    • Ağıllı tab qruplaşdırma təklifləri
    • Digər avtomatik süni intellekt alətləri
        Qeyd edək ki, Mozilla əvvəlcə Firefox-u AI funksiyalarından uzaq saxlamağa çalışırdı. Lakin ötən ilin dekabr ayında şirkətin yeni baş direktoru Anthony Enzor-DeMeo süni intellekt inteqrasiyasının qaçılmaz olduğunu açıqlamışdı. Bu açıqlama istifadəçilər arasında ciddi narazılıq yaratmışdı. Təzyiqlərdən sonra Mozilla istifadəçilərə seçim azadlığı verəcəyini vəd etmişdi. İndi isə Firefox 148 yeniləməsi ilə bu vəd rəsmi şəkildə reallaşıb. Beləliklə, süni intellekt funksiyalarından istifadə etmək istəməyənlər üçün Firefox artıq tamamilə AI-sız rejim təqdim edir.
    Paylaş