Logo
    Google AI prosessorlu peykini oktyabrın 1-də kosmosa göndərəcək

    Google AI prosessorlu peykini oktyabrın 1-də kosmosa göndərəcək

        “Googlesüni intellekt hesablamaları üçün hazırladığı TPU prosessorunu daşıyan peyki gələn həftə kosmosa göndərəcək. Peyk “SpaceX”-in “Falcon 9” raketi ilə oktyabrın 1-də orbitə buraxılacaq. Bu missiya “Google”-ın gələcəkdə süni intellekt məlumat mərkəzlərini orbitdə qurmaq üçün başladığı eksperimental “Project Suncatcher” layihəsinin ilk real addımıdır. Məqsəd süni intellekt tapşırıqlarının kosmosda necə yerinə yetirildiyini yoxlamaqdır.
        Peyk aşağı Yer orbitində Günəş enerjisi ilə işləyəcək. Sınaq zamanı TPU prosessorlarının kosmik uçuşun yaratdığı fiziki yükə, radiasiyaya və kəskin temperatur dəyişikliklərinə davamlılığı ölçüləcək. Yer üzündə aparılan təcrübələr prosessorların yüksək sürətlənmə zamanı yaranan yükə və radiasiyaya dözdüyünü göstərib. “Google”-a görə, bəzi yoxlamalar yalnız orbitdə aparıla bilər.
        Prosessorların orbitdə necə soyudulacağı da ayrıca yoxlanacaq. “Google” bunun üçün istilik boruları və radiatorlardan ibarət sistemi sınaqdan keçirəcək. “Project Suncatcher” rəhbərlərindən Travis Bealsın sözlərinə görə, çiplər qızdığı üçün təxminən 15 dəqiqə işləyə biləcək. Daha sonra soyumaları üçün onları söndürmək lazım gələcək. Bu məhdudiyyət gələcək missiyalarda həll edilməli əsas məsələlərdən biridir.
        Uçuş daha geniş peyk şəbəkəsi planının başlanğıcı sayılır. “Google” 2027-ci ildə daha 2 peyki orbitə çıxarmağı planlaşdırır. Gələcəkdə Yer üzündəki məlumat mərkəzlərinə alternativ olaraq çoxsaylı prosessorlu peyklərdən ibarət sistem yaradıla bilər. Elon Musk, Jeff Bezos və “Google”-ın keçmiş rəhbəri Eric Schmidt də kosmosda məlumat mərkəzləri qurmaq ideyasını daha əvvəl gündəmə gətiriblər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...