Google YouTube-da bir cümlə ilə fərdi lent yaradan funksiyanı təqdim etdi
Sosial Media
23.09.2026
“Google” illik məhsul tədbirində “YouTube” üçün hazırladığı yeni funksiyaları açıqlayıb. Əsas yenilik istifadəçinin marağına və əhvalına uyğun fərdi video lentlərinin yaradılmasıdır. Bunun üçün “Your custom feeds” düyməsinə basıb istədiyiniz videoları adi cümlə ilə təsvir etmək kifayətdir. Süni intellekt əsaslı böyük dil modelləri yazılanları təhlil edib ayrıca lent hazırlayacaq.
Fərdi lent düyməsi axtarış sətrinin altında, musiqi və podkast kimi mövzu bölmələrinin yanında olacaq. İstifadəçilər müxtəlif mövzuları qarışdıra biləcəklər. Videoların müddətini seçmək və bir neçə fərdi lenti saxlamaq mümkündür. Funksiya standart ana səhifəni dəyişməyəcək. Daha əvvəl sınaqdan çıxarılan yenilik yaxın zamanda ABŞ-də mobil cihazlarda, kompüterlərdə və televizorlarda açılacaq.
“YouTube” yaradıcıların “Shorts” videolarını serial kimi paylaşmasını da asanlaşdırır. Epizodlara ayrıca üz qabığı əlavə etmək və onları düzgün ardıcıllıqla göstərmək olacaq. Mobil tətbiqdə videolara GIF ilə cavab vermək funksiyası payızda bütün dünyada açılacaq. GIF kitabxanasında axtarış aparmaq mümkün olacaq. Uyğun televizorlarda şərhləri səslə yazmaq da olacaq.
“Ask YouTube” aləti məhsul axtarışında yeni funksiyalar qazanacaq. İstifadəçi müəyyən məhsul haqqında rəy soruşduqda sistem uyğun videoları və müqayisə cədvəlini göstərəcək. Alət videoda görünən, amma müəllifin adını çəkmədiyi məhsullarla bağlı sualları da cavablandıracaq. Axtarış səhifəsində başlayan söhbəti video pleyerində davam etdirmək olar.
“YouTube Music”dəki “Ask Music” aləti ifaçılar haqqında məlumat verəcək və mahnı sırasını dəyişməyə kömək edəcək. Süni intellektlə işləyən “Podcast Lineup” hər həftə uyğun podkastlardan qısa seçim hazırlayacaq. Sistem əvvəlcə verilişlərin niyə maraqlı ola biləcəyini izah edəcək, sonra dinləyicini epizodlara yönəldəcək. Hər iki yenilik dünya üzrə “YouTube Music” və “Premium” abunəçiləri üçün açılacaq.
“YouTube” “Coachella” festivalının eksklüziv yayım hüquqlarını 2030-cu ilə qədər uzadıb. Platforma 2027-ci ilin əvvəlində canlı yayımlar üçün avtomatik dublyaj alətini sınaqdan keçirəcək. İlk mərhələdə ingilis və ispan dilləri olacaq. Alət yaradıcıların danışığını real vaxtda izləyicinin seçdiyi dilə çevirəcək.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...