Logo
    main-post-cover

    Google DeepMind əməkdaşları hərbi AI müqavilələrinə qarşı birləşir

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google DeepMind-in Londondakı baş ofisində çalışan əməkdaşlar şirkətin süni intellekt texnologiyalarının hərbi məqsədlərlə istifadəsinə qarşı çıxaraq həmkarlar ittifaqı yaratmaq qərarına gəliblər. İşçilər bu addımı xüsusilə ABŞ və İsrail ordusu ilə bağlanan AI müqavilələrinə etiraz olaraq atdıqlarını bildirirlər.
    STKS515_CYBER_WARFARE_D
        Məlumata görə, əməkdaşlar rəhbərliyə ünvanladıqları məktubda Communication Workers Union və Unite the Union təşkilatlarının onların rəsmi nümayəndəsi kimi tanınmasını tələb ediblər. Səsvermədə CWU üzvlərinin 98 faizi bu təşəbbüsü dəstəkləyib.
        İşçilər bildirirlər ki, şirkətin AI modelləri birbaşa olmasa belə, dolayı şəkildə hərbi əməliyyatlara dəstək verə bilər. Onların sözlərinə görə, bu texnologiyalar insan hüquqlarının pozulmasına töhfə verə və münaqişələri daha sürətli və effektiv edə bilər. Bu səbəbdən əməkdaşlar etik prinsiplərə uyğun olmayan layihələrdə iştirak etməmək hüququ tələb edirlər.
        Birliyin əsas tələbləri arasında şirkətin silah texnologiyaları və ya insanların izlənməsi üçün istifadə oluna biləcək sistemlərin hazırlanmasından imtina etməsi, həmçinin süni intellektin işçilərin iş yükünə və təhlükəsizliyinə təsiri ilə bağlı danışıqlar aparılması yer alır. Əgər təşəbbüs uğurla nəticələnsə, bu birlik Londondakı ən azı 1000 əməkdaşı təmsil edəcək. Şirkət rəhbərliyinə isə bu təşəbbüsü könüllü şəkildə tanımaq üçün 10 iş günü vaxt verilib. Əks halda, məsələ hüquqi müstəviyə keçəcək.
     
    Paylaş