Logo
    Google gələn ildən şagird hesablarında AI funksiyalarını bağlı saxlayacaq

    Google gələn ildən şagird hesablarında AI funksiyalarını bağlı saxlayacaq

        “Google” məktəb hesablarında süni intellekt (AI) alətlərini standart olaraq bağlı saxlayacaq və dəyişikliklər gələn il qüvvəyə minəcək. Qərar məktəbəqədər hazırlıqdan 12-ci sinfə qədər bütün şagird hesablarına aiddir. Məktəb bütün AI funksiyalarını qadağan etsə, şagirdlər “Google Search” xidmətini də aça bilməyəcəklər. Ekranda xidmətin məktəb tərəfindən bağlandığını göstərən mesaj çıxacaq.
    Google gələn ildən şagird hesablarında AI funksiyalarını bağlı saxlayacaq
        Məktəb rəhbərləri “Gemini”, “NotebookLM”, “Gemini in Classroom” və “Google Search” xidmətlərinin hər birini ayrıca aça biləcəklər. Yəni bütün məhsulları birlikdə aktivləşdirmək məcburi deyil. Ancaq axtarışdakı AI funksiyalarını söndürüb adi axtarışı açıq saxlamaq olmayacaq. “Google” bunu axtarış və süni intellekt funksiyalarının artıq bir-biri ilə sıx bağlı olması ilə izah edir. Şirkət ətraflı məlumatı yaxın aylarda məktəblərə göndərəcək.
        Bu qərar şirkətin avqustda “Google Classroom” daxilində bəzi AI funksiyalarını standart olaraq açmasından sonra verilib. Müəllimlərin etirazından sonra “Google” əvvəlki qərarından geri çəkilib. “Google Classroom”dan dünyada 150 milyondan çox müəllim və şagird istifadə edir. Qanunvericilər də ötən ay AI məhsullarının məktəblərdə yarada biləcəyi zərərlərlə bağlı şirkətdən açıqlama istəyiblər.
        Yeni idarəetmə seçimləri ilə yanaşı, “Guided Learning” funksiyası da elan olunduğu gündən dünya üzrə “Google Classroom” istifadəçilərinə açılıb. Alət şagirdə hazır cavab vermək əvəzinə tapşırığı mərhələlərə ayırır. Mövzunu addım-addım izah edir və kiçik testlər verir. “Google” bu funksiyanı şagirdlə fərdi işləyən müəllimə bənzədir.
    Google gələn ildən şagird hesablarında AI funksiyalarını bağlı saxlayacaq
        “Guided Learning” şagird hesablarındakı “Google Search” və “AI Overviews” funksiyalarına da əlavə ediləcək. Şagird fizika məsələsi və ya kitab hesabatı ilə bağlı sual yazanda sistem birbaşa cavab göstərməyəcək. Əvəzində mövzunu anlamağa kömək edən istiqamətləndirici suallar verəcək. Sınaqlar bu ay ABŞ-nin seçilmiş məktəblərində başlayacaq. Müəllimlər şagirdlərin çatbotla yazışmalarını görə biləcəklər.
        Bəzi bölgələr məktəblərdə generativ AI istifadəsini artıq məhdudlaşdırıb. Nyu York şəhəri sentyabrda dövlət məktəblərində 8-ci sinfə qədər 1 illik moratorium tətbiq edib. Los Ancelesdə də oxşar qadağa qoyulub. Nyu York qubernatoru ötən həftə AI şirkətlərinin yetkinlik yaşına çatmayanlar üçün bəzi çatbot funksiyalarını açmasını qadağan edən qanunu imzalayıb. “Chromebook” və “Google” tətbiqlərindən geniş istifadə edən məktəblər yeni qaydaları qəbul etməsələr, başqa xidmətlərə keçməli ola bilərlər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...