Logo
    main-post-cover

    Mozilla süni intellekt dövrünə hazırlaşır

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Mozilla Firefox brauzerinin istehsalçısı olan Mozilla şirkətinə yeni baş direktor təyin edilib. Şirkətə bundan sonra Anthony Enzor-DeMeo rəhbərlik edəcək. Bu dəyişiklik süni intellektin brauzer bazarını sürətlə dəyişdirdiyi bir dövrə təsadüf edir.
        Son illər Google Chrome, Apple Safari və Firefox kimi ənənəvi brauzerlər Perplexity, Arc, OpenAI və Opera kimi şirkətlərin süni intellekt əsaslı brauzerləri ilə ciddi rəqabətə girib. Bu yeni nəsil brauzerlər AI modellərini və agentlərini birbaşa brauzerə inteqrasiya edərək istifadəçilərə internetə daxil olan ilk nöqtədə fərqli təcrübə təqdim etməyə çalışır.
    Firefox logo next to a purple square labeled “AI” on a dark background with curved dotted lines and small icon illustrations.
        Mozilla da bu dəyişikliklərdən kənarda qalmaq istəmir. Yeni CEO Anthony Enzor-DeMeo açıqlamasında Firefox-a süni intellekt funksiyalarının əlavə ediləcəyini təsdiqləyib. Lakin şirkət burada əsas prinsip kimi istifadəçi seçimini ön plana çıxarır. Enzor-DeMeo bildirib ki, AI funksiyaları Firefox-da məcburi olmayacaq və istifadəçilər istədikləri zaman bu imkanları söndürə biləcəklər. Onun sözlərinə görə, “Süni intellekt hər zaman seçim olmalıdır. İstifadəçilər hansı funksiyanın niyə işlədiyini və onlara hansı faydanı verdiyini aydın şəkildə bilməlidirlər”.
        Mozilla son dövrlərdə çətin bir mərhələdən keçib. Şirkət restrukturizasiya aparıb, ötən il əməkdaşlarının təxminən 30 faizini ixtisar edib və bəzi qlobal proqramlarını dayandırıb. Buna baxmayaraq, rəhbərlik süni intellekt dövründə Firefox-un yenidən güclənə biləcəyinə inanır. Şirkət həmçinin gəlirlərini yalnız axtarış sistemlərindən asılı vəziyyətdən çıxarmağı planlaşdırır. Hazırda Mozilla-nın əsas gəlir mənbələrindən biri Google-un Firefox-da standart axtarış sistemi olmasıdır. Yeni strategiyaya görə, Firefox etibarlı proqramlardan ibarət daha geniş ekosistemə çevriləcək.
    Paylaş