Logo
    Nothing-in ilk süni intellekt cihazı real fotoda göründü

    Nothing-in ilk süni intellekt cihazı real fotoda göründü

        “Nothing” şirkətinin ilk süni intellekt (AI) cihazı rəsmi təqdimatdan bir neçə həftə əvvəl real fotoda görünüb. “Swedish House Mafia” qrupunun üzvü Sebastian Ingrosso “Instagram” paylaşımında kiçik cihazı iş masasının üzərində göstərib və şirkəti işarələyib. Fotodakı məhsulun dekabrda gözlənilən cihaz olduğu deyilir. “Nothing” hələlik görüntünün və cihazla bağlı məlumatların doğru olduğunu təsdiqləməyib.
        Ovuca sığan cihazın ekranı yoxdur. Korpusunda “Talk” yazılmış böyük fiziki düymə, qırmızı və yaşıl rəngli 2 uzunsov göstərici işığı görünür. Bundan başqa, qırmızı nöqtə ilə işarələnmiş kiçik düymə də var. Masada cihazın yanında “Nothing Headphone (1)” və noutbuk görünür. Dizayn Carl Pei-nin noyabrın əvvəlində paylaşdığı qısa tanıtım videosu ilə uyğun gəlir.
        Carl Pei daha əvvəl “Nothing” şirkətinin ilk AI cihazının dekabrda təqdim ediləcəyini bildirib. Onun sözlərinə görə, məhsulun ayrıca ekranı olmayacaq. Pei bu ideyanı sadəcə tətbiq kimi hazırlamağın alınmadığını da deyib. Xüsusi “Talk” düyməsi cihazın əsasən səslə idarə olunacağını göstərir. Ancaq onun canlı tərcüməçi, süni intellektli səs yazıcısı və ya ağıllı qeyd cihazı olacağı hələ bilinmir.
        Qırmızı nöqtəli düymə və göstərici işıqları məhsulun səs yazıcısı ola biləcəyi ehtimalını artırır. “Nothing” oxşar yanaşmanı “Ear (3)” qulaqlığının qutusundakı ayrıca “Talk” düyməsi ilə artıq sınaqdan keçirib. Yeni məhsul səs yazıcısı olsa, 179 dollar (təxminən 300 manat) qiymətə satılan “Plaud NotePin S” ilə rəqabət aparacaq. Həmin cihaz süni intellektlə söhbətləri mətnə çevirir. “Nothing” cihazının rəsmi adı və qiyməti hələ açıqlanmayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...