Logo
    main-post-cover

    NVIDIA CEO-su Jensen Huang: "Real və "rəqəmsal" insanlar bir yerdə çalışacaqlar"

         Süni intellekt boom-unun mərkəzində yerləşən şirkətlərdən birinin qurucusu kimi, NVIDIA şirkətinin rəhbəri Jensen Huang bu sahənin gələcəyi ilə bağlı fikirlərini tez-tez bölüşür. O, bildirib ki, insanlar süni intellektlə qarşılıqlı əlaqədən cavabdeh olan agentləri “rəqəmsal insanlar” adlandıraraq, gələcəkdə onlarla yanaşı işləyə biləcəklər. NVIDIA-nın baş direktoru Jensen Huang bu fikirləri Citadel Securities-in təşəbbüsü ilə keçirilmiş Future of Global Markets konfransında səsləndirib. NVIDIA-nın qurucusunun sözlərinə görə, gələcəkdə əmək bazarı ciddi şəkildə dəyişəcək və agent tipli süni intellektin yaradılmasındakı son nailiyyətlər də bunu göstərir. Onun fikrincə, şirkətlər konkret tapşırıqların həlli üçün bir növ virtual mütəxəssislər heyəti formalaşdıra biləcəklər. Bu mütəxəssislər süni intellekt sistemlərinin resurslarından istifadə edərək gündəlik və rutin işləri yerinə yetirəcəklər. Eyni zamanda, real insanlar nə itəcək, nə də arxa plana keçəcək.
         “Əgər siz gələcəkdə süni intellekt agentlərini onların keyfiyyətinə və ixtisas səviyyəsinə görə lisenziyalaşdırıb işə götürsəniz, buna təəccüblənmərəm. Beləliklə, gələcəkdə şirkətlərin işçi qüvvəsi insanlardan və rəqəmsal insanlardan ibarət bir kombinasiyaya çevriləcək” - deyə Jensen Huang bildirib. Bu süni intellekt agentləri aparıcı süni intellekt sistemlərinin tərtibatçıları tərəfindən təqdim ediləcək. Şirkət rəhbəri bu cür “virtual işçi qüvvəsi” təminatçılarını da sadalayıb: Replit, CursorLovable artıq proqram təminatı hazırlanması üçün süni intellekt agenti xidmətləri təklif edirlər. Sahə üzrə digər şirkət rəhbərləri də insanların əmək bazarında süni intellektlə birgə mövcud olmalı olacağı fikrinə üstünlük verirlər və əksər peşələrdə insanın tam əvəzlənməsinin baş verməyəcəyini düşünürlər.
         Məsələn, bu mövqeni Salesforce şirkətinin rəhbəri Marc Benioff da bölüşür. Eyni zamanda, sahə üzrə çalışan əməkdaşların da süni intellekt agentlərilə birgə mövcudluğa münasibəti tədricən dəyişir. Workday sorğusuna əsasən, əməkdaşların 75%-i süni intellekt agentləri ilə birgə işləmək ideyasına müsbət yanaşır, lakin yalnız 30%-i onlara tabe olmağa hazır olduğunu bildirib. Daha 12% respondent isə psixoloji rahatlıq baxımından süni intellekt agentlərinə tabe olmaq ideyasını tamamilə mənfi qiymətləndirib. Huang-ın qeyd etdiyinə görə, süni intellekt agentləri mühitində əməkdaş axtarışı prosesi adi işə qəbul prosesindən demək olar ki, fərqlənməyəcək.
         NVIDIA rəhbəri əmindir ki, şirkətlərin kadr strukturları gələcəkdə “rəqəmsal əməkdaşlarla” işləməyə hazır olmalıdır. Onun fikrincə, bu cür gələcək NVIDIA üçün də qaçılmazdır. Bəzi fəaliyyət sahələrində süni intellekt agentlərinin tətbiqi məxfilik baxımından da məntiqlidir. Məsələn, kibertəhlükəsizlik NVIDIA üçün elə bir istiqamətdir ki, burada süni intellekt agentlərinin sayı artıq canlı əməkdaşların sayını ötüb. Bununla yanaşı, şirkət çip və proqram təminatı inkişafı sahəsində də aktiv şəkildə süni intellekt köməkçilərindən istifadə edir. “NVIDIA-da hazırda bizim proqram təminatı tərtibatçılarımızın 100%-i, çip dizaynerlərimizin 100%-i, şirkətdəki hər bir mühəndis Cursor adlı köməkçiyə malikdir” - deyə NVIDIA rəhbəri etiraf edib.
    Paylaş