Nvidia çiplərin yerini izləyən proqramı sınaqdan keçirir
Süni İntellekt
11.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Nvidia süni intellekt çiplərinin Çinə qaçaq yollarla aparıldığına dair artan xəbərlər fonunda yeni izləmə proqramını sınaqdan keçirdiyi bildirilir. Reuters-in anonim mənbələrə istinadən verdiyi məlumata görə, şirkət çiplərin hansı ölkədə istifadə olunduğunu müəyyənləşdirə bilən xüsusi “təsdiqləmə texnologiyası” hazırlayıb.
Bu proqram çipin hesablama gücünü izləməklə yanaşı, serverlər arasındakı əlaqə gecikmələrindən də istifadə edərək çipin təxmini mövqeyini müəyyənləşdirir. İzləmə funksiyası məcburi olmayacaq və müştərilərin seçimindən asılı olaraq ilk olaraq Blackwell seriyalı çiplərdə istifadəyə veriləcək.
Son günlər yayılan məlumatlarda iddia olunur ki, Çinin DeepSeek adlı süni intellekt modelləri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş Nvidia Blackwell çipləri üzərində təlim etdirilib. Nvidia isə bu iddiaları təsdiqləyən heç bir sübut görmədiyini açıqlayıb.
Bu xəbərlər ABŞ hökumətinin Nvidia-nın Çin üçün H200 süni intellekt çiplərinin satışına məhdud şəkildə icazə verməsindən cəmi bir neçə gün sonra yayılıb. Bu icazə yalnız köhnə H200 modellərinə aiddir, Blackwell çipləri isə bu qərara daxil deyil.
Paylaş