Nvidia yaddaş strategiyasını dəyişir, serverlər smartfon yaddaşına keçir
Süni İntellekt
19.11.2025
Sevinc
Nvidia-nın süni intellekt serverlərində smartfon tipli yaddaş çiplərindən istifadə etmək qərarı 2026-cı ilin sonuna qədər server yaddaşının qiymətlərinin iki dəfə artmasına səbəb ola bilər. Son iki ayda dünya üzrə elektronika təchizat zəncirləri “köhnə nəsil” yaddaş çiplərinin çatışmazlığından təsirlənib. Belə ki, istehsalçılar diqqətlərini süni intellekt tətbiqləri üçün nəzərdə tutulan yüksək səviyyəli yaddaş çiplərinə yönəldiblər.
Texnologiya yönümlü tədqiqat şirkəti Counterpoint bildirir ki, üfüqdə yeni problem görünür. Nvidia AI serverlərinin enerji sərfiyyatını azaltmaq üçün serverlərdə adətən istifadə edilən DDR5 əvəzinə, smartfon və planşetlərdə işlədilən aşağı enerjili LPDDR yaddaş çiplərinə keçmək qərarı verib. Counterpoint-in məlumatına görə, hər bir AI serverinin bir smartfondan xeyli çox yaddaş çipinə ehtiyacı olduğu üçün bu keçid sənayenin hazır olmadığı qəfil tələbat yarada bilər.
Bildirilib ki, aşağı seqmentdəki çatışmazlıq yuxarı seqmentə də yayıla bilər. Çünki çip istehsalçıları Nvidia-nın tələbatını qarşılamaq üçün istehsal gücünü LPDDR-ə yönəltmək barədə qərar vermək məcburiyyətində qala bilərlər. Şirkət server yaddaş çiplərinin qiymətlərinin 2026-nın sonuna qədər iki dəfə artacağını proqnozlaşdırır.
Paylaş