Logo
    Suno mətn, səs, şəkil və videodan mahnı yaradan v6 modellərini buraxdı

    Suno mətn, səs, şəkil və videodan mahnı yaradan v6 modellərini buraxdı

        Süni intellekt vasitəsilə musiqi yaradan “Suno” 9 sentyabrda “Suno v6” model ailəsini təqdim edib. Bu modellər “Warner Music Group”, “BMG” və “Believe” kimi musiqi şirkətləri və distribütorların lisenziyalı materialları əsasında hazırlanıb. Yeni model ailəsinin öyrədilməsi zamanı əvvəlki modellərin məlumatlarından yararlanılmayıb. Şirkət köhnə modelləri tədricən istifadədən çıxaracaq.
    Suno mətn, səs, şəkil və videodan mahnı yaradan v6 modellərini buraxdı
        Yeni ailəyə 3 model daxildir. Əsas “Suno v6” modeli daha dəqiq idarə olunan və hazır mahnılar yaratmaq üçün nəzərdə tutulub. Ondan yalnız ödənişli “Pro” və “Premier” abunəçiləri yararlana bilər. Təcrübə aparmaq və daha gözlənilməz nəticələr əldə etmək üçün hazırlanmış “Suno v6 wild” da yalnız ödənişli hesablara açıqdır. Daha sürətli işləyən “Suno v6 mini” isə pulsuz hesablar da daxil olmaqla bütün istifadəçilər üçün əlçatandır. Bu model sorğu verildikdən bir neçə saniyə sonra mahnını dinləməyə imkan verir.
        Yeni modellərlə mahnının müəyyən hissəsini sadə mətn sorğusu vasitəsilə dəyişmək mümkündür. Məsələn, istifadəçi bütün mahnını yenidən yaratmadan yalnız 1 sözü və ya misranı əvəz edə bilər. Həmçinin 1 sorğu ilə müxtəlif mahnılardakı vokal və zərb alətlərini götürüb yeni sözlərlə qarışıq versiya hazırlamaq mümkündür. Səs nümunələri ilə iş də daha dəqiq olub. İstifadəçi ayrıca 1 alətin səsini ayıraraq ondan yeni ritm yarada bilər.
        “Suno v6” mətnlə yanaşı səs, şəkil və videonu da nümunə kimi qəbul edərək mahnı yarada bilir. İstifadəçi mahnının hansı hissi oyatmasını istədiyini sözlə təsvir edə bilər. “Suno” gələcəkdə yalnız razılıq verən ifaçıların mahnıları üçün remiks funksiyası əlavə etməyi planlaşdırır. Şirkətin məlumatına görə, bu əməkdaşlıq 9 sentyabrda tərəfdaşlara gəlir gətirməyə başlayıb və prosesdə iştirak edən sənətçilərə əlavə qazanc imkanı verəcək.
        Yeni modellər müəllif hüquqları ilə bağlı uzun sürən mübahisələrdən sonra təqdim olunub. 2024-cü ildə böyük səsyazma şirkətləri “Suno” və “Udio” xidmətlərini müəllif hüquqlarını geniş miqyasda pozmaqda günahlandıraraq məhkəməyə vermişdi. “Warner Music Group” 2025-ci ildə lisenziya razılaşması imzalandıqdan sonra iddiasını geri götürdü. Bu razılaşma sənətçilərə səslərinin və musiqilərinin süni intellektlə yaradılan mahnılarda necə işlədilməsinə nəzarət etməyə imkan verir. “BMG” ilə saziş isə ötən ay bağlanıb.
        “Suno” hələ də “Sony”, “Universal Music Group” və sənətçi “Jason Isbell” tərəfindən qaldırılmış iddialarla üzləşir. Bəzi istifadəçilər şirkətin daha çox gəlir əldə etməyə çalışarkən təhlükəsizlik məsələlərinə lazımi diqqət ayırmadığını bildirirlər. Şirkət yeni model ailəsini təqdim etməzdən 1 gün əvvəl əvvəlki modellərin “YouTube” videoları əsasında öyrədildiyini etiraf edib. Bu il yayılan məlumatlara görə, musiqi və podkastlar illər ərzində “YouTube”, “Deezer” və digər platformalardan toplanıb.
        Şirkət süni intellektlə yaradılan mahnılara su nişanı əlavə etməyi planlaşdırır. Hesab paketindən asılı olan yükləmə məhdudiyyətləri isə artıq tətbiq edilir. Məqsəd çox sayda mahnının hesabdan çıxarılaraq yayım platformalarına şübhəli şəkildə yüklənməsinin qarşısını almaqdır. Hansı materialların qəbul ediləcəyinə dair son qərarı distribütorlar və platformalar verəcək. Mübahisələrə baxmayaraq, “Suno” indiyədək 819 milyon dollardan çox sərmayə cəlb edib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...