Logo
    Wikimedia AI müəllif hüquqları işi üzrə məhkəməyə rəy təqdim etdi

    Wikimedia AI müəllif hüquqları işi üzrə məhkəməyə rəy təqdim etdi

        “Wikimedia Foundation” “The New York Times” qəzetinin “OpenAI” və “Microsoft” şirkətlərinə qarşı qaldırdığı müəllif hüquqları işi ilə bağlı məhkəməyə rəy göndərib. “Wikipedia”nı idarə edən fond tərəflərdən heç birini tam dəstəkləmir. Fondun fikrincə, həddən artıq sərt və geniş qərar həm açıq internetə, həm də yeni texnologiyaların inkişafına zərər vura bilər.
    Wikimedia AI müəllif hüquqları işi üzrə məhkəməyə rəy təqdim etdi
        “The New York Times” dərc etdiyi materiallardan süni intellekt (AI) şirkətlərinin sərbəst istifadə etməsinə qarşı çıxır. “OpenAI” və “Microsoft” açıq məlumatlarla AI modellərini öyrətməyi texnologiyanın inkişafı üçün vacib və ədalətli istifadə sayır. Fond xəbərdarlıq edir ki, nəşriyyatların tam qələbəsi yeni istifadə üsullarını məhdudlaşdıra bilər. AI şirkətlərinin tam qələbəsi isə lisenziya qaydalarının nəzərə alınmamasına yol aça bilər.
        Fondun fikrincə, saytlardakı məlumatların avtomatik toplanması təkbaşına müəllif hüququ pozuntusu sayılmamalıdır. Müəllif hüquqları ilə qorunan əsərlərdən ilkin model təlimində lisenziyasız istifadə də bəzi hallarda ədalətli istifadə hesab oluna bilər. Bunun üçün modelin yaratdığı nəticə orijinal mənbədən yeni və fərqli olmalıdır. Model istifadəçinin sualına cavab verərkən məqaləni demək olar olduğu kimi göstərirsə, həmin cavab artıq orijinal materialı əvəz edir.
        Fond eyni yanaşmanın RAG texnologiyasına da aid olduğunu deyir. RAG sistemi cavab hazırlayarkən modelin təlim məlumatları ilə kifayətlənmir və ayrıca etibarlı bilik bazasına müraciət edir. Sistem mənbədəki yazını istinad vermədən təkrarlayırsa, fond bunu düzgün saymır və lisenziyanın vacib olduğunu vurğulayır. “Wikipedia” materiallarından istifadə zamanı mənbə göstərilməli, dəyişdirilmiş məzmun da eyni “Creative Commons” lisenziyası ilə paylaşılmalıdır.
        “Wikimedia Foundation”a görə, “Wikimedia” saytları AI və maşın öyrənməsi üçün ən vacib məlumat mənbələrindən birinə çevrilib. Ancaq çatbotlar istifadəçiləri bu saytlardan uzaqlaşdırır və məzmunu qoruyan icmaların işinə zərər vurur. Digər tərəfdən, həmin modellər redaktorlara vandalizmlə mübarizədə kömək edə bilər. Onlarla müəllif hüququ pozuntularını, şəxsi məlumatların yayılmasını və yenilənməli məqalələri də aşkarlamaq olar.
        İş üzrə yekun qərarın yaxın vaxtlarda verilməsi gözlənilir. Bu iddia məhkəmələrdə araşdırılan 12-dən çox oxşar AI müəllif hüquqları işindən biridir və gələcək mübahisələr üçün vacib presedent yarada bilər. Fondun baş hüquq məsləhətçisi Stephen LaPorte hesab edir ki, ədalətli istifadə prinsipləri ehtiyatla tətbiq olunmasa, azad biliyin davamlılığına və açıq mənbəli texnologiyalara zərər dəyə bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...