Logo
    Yelp restoranlara zəng edib gözləmə vaxtını öyrənən AI agenti təqdim etdi

    Yelp restoranlara zəng edib gözləmə vaxtını öyrənən AI agenti təqdim etdi

        “Yelp” restoranlardakı gözləmə vaxtını öyrənmək üçün yeni süni intellekt agentini işə salır. “Check for Me” adlı funksiya tətbiqdə restoran səhifələrində görünəcək. İstifadəçi qrupdakı insanların sayını və telefon nömrəsini yazacaq. Agent restorana zəng vuracaq və bir neçə dəqiqə ərzində nəticəni SMS vasitəsilə göndərəcək.
    Yelp restoranlara zəng edib gözləmə vaxtını öyrənən AI agenti təqdim etdi
        “Yelp Assistant”a “OpenTable” inteqrasiyası da əlavə olunub. Bununla ABŞ üzrə minlərlə restoranda birbaşa tətbiqdən masa bron etmək olur. Məsələn, istifadəçi itlə getməyə icazə verilən qəhvəxanaları soruşa və uyğun məkanda yer ayıra bilər. “Yelp Waitlist” funksiyası restorana çatmamış növbəyə qoşulmaq üçündür. Masa hazır olanda assistent bildiriş göndərəcək.
        Fərdi seçimlər də genişlənir. “Keep Me Posted” istifadəçinin cədvəlinə uyğun xatırlatmalar quracaq, həftəsonu planları kimi tövsiyələri seçilən günlərdə göndərəcək. Assistent əvvəlki söhbətlərdə deyilən seçimləri və istifadəçinin rəylərini nəzərə alacaq. Tətbiqdə son 30 günün söhbət tarixçəsi görünəcək, tam tarixçə daha sonra açılacaq. Masa bron edərkən yerli hava proqnozunu da nəzərə almaq olacaq.
        “Yelp” “My Lists” bölməsində sevimli məkanları saxlamağı, sıralamağı və qiymətləndirməyi də asanlaşdıracaq. Bölmədə əvvəlcə “Been Here” və “Want to Go” adlı 2 siyahı olacaq. Siyahıları məkan, kateqoriya və mətbəx növünə görə süzmək, sırasını dəyişmək, qeydlər yazmaq və başqaları ilə paylaşmaq olar. Gələn aydan saxlanılan məkanlar və verilən qiymətlər əsasında hər həftə fərdi tövsiyələr göstəriləcək. İlin sonrakı hissəsində kolleksiyalar siyahılara çevriləcək. Həmçinin bölmənin görünüşü yenilənəcək və xəritə rejimi əlavə ediləcək.
        Bizneslər üçün “Smart Lead Reply” adlı ödənişli süni intellekt aləti də çıxır. Xidmət müştərilərin müraciətlərini cavablandıracaq, əlavə suallar verəcək və onların potensial müştəri olub-olmadığını ilkin mərhələdə qiymətləndirəcək. Biznes sahibi agentin söhbəti necə aparacağını əvvəlcədən seçə biləcək. Xidmət üçün ayda 30 dollar (51 manat) ödəmək lazım olacaq.
        “Yelp Assistant” ilk dəfə 2024-cü ildə təqdim olunub. Restoranlar və xidmət şirkətləri üçün səsli sistem ötən il işə salınıb. Yeni funksiya həmin texnologiyanı müştərilərin də işlətməsinə açır. Ancaq istifadəçinin süni intellekt agenti restoranın süni intellekt agenti ilə danışa bilər. Belə hallarda avtomatik sistemlər arasındakı ünsiyyətin pozulması ehtimalı var.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...