YouTube Shorts-da AI avatar dövrü başlayır
Süni İntellekt
09.04.2026
Sevinj
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google şirkətinə məxsus YouTube Shorts platformasında yeni süni intellekt funksiyası istifadəyə verilir. Bu yenilik istifadəçilərə özlərinin real görünüş və səsə malik “AI avatarını” yaradaraq videolarda istifadə etməyə imkan verəcək.
Yeni funksiyanın mahiyyəti ondan ibarətdir ki, kontent yaradıcıları qısa bir “selfie video” çəkərək sistemə öz üz və səs məlumatlarını təqdim edir. Daha sonra bu məlumatlar əsasında onların rəqəmsal surəti, avatarı yaradılır. Bu avatar vasitəsilə istifadəçilər ya mövcud videolara özlərini əlavə edə, ya da tamamilə yeni videolar yarada bilirlər.
YouTube bildirir ki, avatarlar istifadəçinin özünə maksimum bənzəyəcək və yalnız həmin şəxsin öz kontentində istifadə oluna biləcək. Bununla yanaşı, bütün AI ilə yaradılmış videolar xüsusi işarələrlə qeyd olunacaq: həm vizual watermark, həm də SynthID və C2PA kimi identifikasiya texnologiyaları vasitəsilə. Funksiya hələlik bütün istifadəçilər üçün aktiv deyil və mərhələli şəkildə istifadəyə veriləcək. Bundan əlavə, yalnız 18 yaşdan yuxarı və aktiv YouTube kanalı olan şəxslər bu imkandan yararlana biləcəklər.
Paylaş