Baku Flames 2026 festivalının proqramı açıqlanıb
Tech-Azərbaycan
04.05.2026
Sevinj
Bakıda keçiriləcək Baku Flames 2026 beynəlxalq yaradıcılıq festivalının proqramı rəsmi olaraq açıqlanıb. Festival 15–16 may 2026-cı il tarixlərində baş tutacaq.
Bu il tədbir reklam, marketinq və rəqəmsal sahələrdə fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirəcək. Proqram çərçivəsində aparıcı texnologiya nümayəndələrinin çıxışları, həmçinin beynəlxalq agentliklərin kreativ liderlərinin təqdimatları yer alacaq.
Festival proqramı müxtəlif öyrənmə formatlarını əhatə edir. İki gün ərzində ümumilikdə 14 fərdi çıxış, 6 panel müzakirəsi və 6 praktiki workshop keçiriləcək. Bu yanaşma iştirakçılara həm qlobal trendlərlə tanış olmaq, həm müzakirələrdə iştirak etmək, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı yaradacaq.
Spikerlər arasında Adam Nowakowski (Meta), Sandro Gelashvili (Google) və Julia Kushnir (TikTok) kimi tanınmış şəxslər yer alır. Bundan əlavə, Freddie Öst, Thomas Kolster, Lara Assouad və Vidya Manmohan kimi sahənin nüfuzlu mütəxəssisləri də çıxış edəcəklər. Onlar praktiki təcrübələrini bölüşəcək, sənayedəki aktual trendləri müzakirə edəcək və rəqəmsal strategiyalarda insan faktorunun qorunmasının vacibliyini vurğulayacaqlar.
Festival çərçivəsində axşam proqramları da təşkil olunacaq. 15 may tarixində Flames Garden məkanında açılış gecəsi keçiriləcək və tədbirdə Orxan Zeynallı canlı performans göstərəcək. Festival 16 may tarixində bağlanış gecəsi ilə yekunlaşacaq və səhnədə Çingiz Mustafayev çıxış edəcək.
Tədbirin tam proqramı, çıxış saatları və workshop detalları ilə festivalın rəsmi saytında tanış olmaq mümkündür.
Bilet satışı artıq başlayıb və iştirak etmək istəyənlərə öncədən bilet əldə etmələri tövsiyə olunur.
Qeyd edək ki, Baku Flames beynəlxalq yaradıcılıq və effektivlik festivalıdır. Tədbir reklam, marketinq və rəqəmsal sahələrdə çalışan mütəxəssisləri bir araya gətirərək ideya mübadiləsi, təcrübə paylaşımı və yeni əməkdaşlıqlar üçün platforma yaradır. Bu ilin əsas mövzusu “Human After All” olaraq müəyyən edilib və ideya ilə texnologiyanın arxasında duran insan faktoruna fokuslanır.
Paylaş