İKTA ilə ICANN arasında əməkdaşlıq memorandumu imzalanıb
Tech-Azərbaycan
09.06.2026
Farid
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə ICANN arasında internet idarəçiliyi, rəqəmsal ekosistemin inkişafı və internet təhlükəsizliyi sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Sənəd İspaniyanın Sevilya şəhərində keçirilən ICANN-ın 86-cı Siyasət Forumu çərçivəsində rəsmiləşdirilib.
Technote.az xəbər verir ki, memorandum telekommunikasiya və poçt xidmətləri sahəsində Azərbaycanın milli tənzimləyici qurumu olan İKTA ilə domen adları və IP ünvan resurslarının koordinasiyasına cavabdeh olan qlobal təşkilat ICANN arasında əməkdaşlıq çərçivəsini müəyyən edir. Sənəd internet idarəçiliyi və rəqəmsal inkişaf sahələrini əhatə edir.
Memorandum çərçivəsində yerli ekspertlərin potensialının artırılması və Azərbaycanın maraqlı tərəflərinin beynəlxalq internet idarəçiliyi təşəbbüslərində iştirak imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Əməkdaşlığın ölkənin rəqəmsal transformasiya gündəliyinin həyata keçirilməsinə töhfə verəcəyi bildirilir.
Sənəddə internetin gələcəyi ilə bağlı məsələlərin həllində çoxtərəfli iştirakçılıq modelinin əhəmiyyəti vurğulanıb. Bu model hökumətləri, texniki icmaları, akademik qurumları, biznes sektorunu və vətəndaş cəmiyyətini bir araya gətirir.
Tərəflər internet ekosisteminin davamlı inkişafını dəstəkləmək məqsədilə bilik mübadiləsi, əməkdaşlıq və institusional potensialın gücləndirilməsi istiqamətində birgə fəaliyyətlərini davam etdirmək niyyətində olduqlarını bəyan ediblər. Memorandum həm Azərbaycan, həm də qlobal internet ekosistemində əməkdaşlığın genişləndirilməsini hədəfləyir.
Paylaş
Bənzər xəbərlər